AMEA-nın Tarix və Etnologiya İnstitutu Azərbaycanın sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası 100 il: uğurlar və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.

İnstitutun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov qeyd edib ki, Naxçıvan Azərbaycanın çoxəsrlik zəngin tarixində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, ədəbiyyatının, mədəniyyət və elminin tərəqqisinə töhfələr verib.

Tarix elmləri doktoru, professor İkram Ağasiyev “1920–1924-cü illərdə “Naxçıvan məsələsi” və Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılması” adlı məruzə ilə çıxış edib. Bildirilib ki, 1920-ci ilin 28 aprelində Cümhuriyyətin XI Qırmızı Ordu tərəfindən işğalından sonra Naxçıvan məsələsi RSFSR ilə Ermənistan və Türkiyə ilə RSFSR arasında danışıqlar mövzusuna çevrilib. Həmin ilin iyununda Naxçıvan əhalisini Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bölgədə türk qoşun hissələri yerləşdirilib. Bir ay sonra Rusiyanın XI Ordu qüvvələri Naxçıvana göndərilib və burada bolşevik hakimiyyəti qurulub.

1920-ci il dekabrın 2-də Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişlə Naxçıvan məsələsi yeni bir mərhələyə qədəm qoyub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bununla da Naxçıvanın muxtariyyət məsələsi gündəmə gəlib. Nəticədə, 1921-ci il martın 16-da Moskvada RSFSR ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” müqavilə imzalanıb. Müqavilə hazırlanarkən Türkiyə Naxçıvan məsələsinə böyük əhəmiyyət verdi. Atatürk Naxçıvanı “Türk qapısı” adlandırdı. Müqavilənin 3-cü maddəsinə görə, tərəflər sənədə əlavədə nəzərdə tutulan sərhədlər daxilində, Azərbaycanın himayəsi altında, Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verirdilər, bu şərtlə ki, Azərbaycan bu ərazini başqa dövlətə güzəştə getməyəcək...

1923-cü ildə muxtar diyar adlanan Naxçıvan bir il sonra muxtar respublika statusu aldı. 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı.

Konfransda daha sonra tarix üzrə fəlsəfə doktoru, dosentlər Kamran İsmayılov, Əzizə Nəzərli, Alı Balayev, Nigar Axundova, Əsəd Qurbanlı və başqalarının məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb.