Azərbaycan Dövlət Kukla Teatrında “Ələddinin sehrli çırağı” tamaşasının premyerası olub. Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Birhissəli uşaq tamaşasında rolları teatrın aparıcı səhnə ustaları – Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov, Elnur Xəlilov ifa edirlər.

Nağılda da olduğu kimi, əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmağa qərar verir. Özü istəmədən tamahkar Vəzirin alətinə çevrilir və nəhayət, sehrli çırağı tapır və sonda qalib gəlir. Bu qalibiyyətdə sehrli güc öz işini görür. Sehrli çıraqda yaşayan Cin Ələddinə onu azad etməsi müqabilində üç arzusunu yerinə yetirəcəyini vəd edir. Bundan sonra Ələddin xəyalını qurduğu sərvətə qovuşur və bütün arzularını həyata keçirir.

Tamaşanın növbəti nümayişi fevralın 10-da olacaq.