Olaylar, faktlar (12 – 15 fevral)

 

106 il əvvəl...

 

14 fevral 1918-ci ildə Cənubi Qafqazdan Ümumrusiya parlamentinə – Müəssislər Məclisinə seçilmiş azərbaycanlı, gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratmaq qərarına gəliblər. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən (7 noyabr) sonra keçirilmişdi. Bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Belə olan halda Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Zaqafaziya Seymi 22 aprel 1918-ci ildə Tiflisdə fəaliyyətə başladı və bir aydan bir az artıq (26 mayadək) ömrü oldu.

 

104 il əvvəl...

 

12 fevral 1920-ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranıb. Partiyanın təsis qurultayında (11-12 fevral) qəbul olunan proqramda Xalq Cümhuriyyəti hökumətini yıxmaq üçün silahlı üsyan xətti irəli sürülüb. Bolşevik Rusiyasının siyasətini həyata keçirən AK(b)P-nin rəhbəri isə Azərbaycan xalqının qatı düşməni, erməni millətçisi Anastas Mikoyan idi.

 

79 il əvvəl...

 

13 fevral 1945-ci ildə II Dünya müharibəsində ən böyük bombardmanlardan biri baş verib. ABŞ-Britaniya hərbi aviasiyasının Drezden şəhərini bombalaması nəticəsində 100 mindən çox adam ölüb, 30 mindən çox bina, o cümlədən yüzlərlə tarixi abidə dağıdılıb. Müharibənin taleyinin həll olunduğu bir vaxtda hərbi nöqteyi-nəzərdən strateji əhəmiyyət daşımayan şəhərdə belə bir əməliyyata ehtiyac yox idi. Britaniya bununla 1940-cı ildə almanların Londonu bombalamasının əvəzini çıxırdı.

 

68 il əvvəl...

 

14 fevral 1956-cı ildə Azərbaycan Televiziyası (Bakı Televiziya Studiyası) fəaliyyətə başlayıb. Studiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən isə 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.

 

35 il əvvəl...

 

15 fevral 1989-cu ildə Əfqanıstandakı 50 min nəfərlik SSRİ hərbi kontingentinin çıxarılması başa çatıb. Sovet qoşunları Əfqanıstana bu ölkənin kommunist təmayüllü rəhbərliyinin “müraciət”i ilə 1979-cu ildə yeridilmişdi. Bu müddətdə “beynəlmiləl borcunu yerinə yetirən” 15 mindən çox hərbi qulluqçu həlak olmuş, 53 min nəfər yaralanmışdı. 1988-ci ilin 14 aprelində imzalanan “Əfqanıstan Demokratik Respublikasında vəziyyətin siyasi nizamlanmasına dair” Cenevrə razılaşmalarına uyğun olaraq, həmin ilin 15 mayında sovet qoşunlarının ölkədən çıxarılması başlanmışdı.

 

32 il əvvəl...

 

13 fevral 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Təşkilata sədrlik edən Çexoslovakiya (1993-cü ildə Çexiya və Slovakiyaya bölündü) Prezidenti Administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Həmin ilin 24 martında ATƏT-in Minsk qrupu yarandı.

Hazırladı: V.Orxan