ADMİU-da çağdaş Britaniya dramaturgiyası ilə bağlı layihə

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Britaniya Şurasının (British Council) Bakıdakı nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” adlı yeni layihəyə başlanılıb.

Fevralın 12-də ilk tədbiri keçirilən layihənin rəhbəri ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovdur.

Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova layihənin əhəmiyyətindən bəhs edərək bildirdi ki, universitet hər zaman tələbənin maariflənməsi, daha geniş səpkili və dolğun biliklər əldə etməsi üçün çalışır, bu istiqamətdə dünyanın qabaqcıl universitetlərinin təcrübələrini örnək alaraq yeni layihələr hazırlayır. İlk tədbiri keçirilən “Böyük Britaniyanın çağdaş dramaturgiyası: tanıma” layihəsi də bu qəbildəndir.

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva layihənin yaranma tarixçəsindən danışdı. Bildirdi ki, Elçin Cəfərovun “Kreativ prodüserlər proqramı” çərçivəsində yaradılmış “Katalizator ArtHub” müvafiq mərhələləri uğurla keçərək Britaniya Şurasının dəstəklədiyi 7 layihədən biri olub. O, gələcəkdə bu qəbildən olan incəsənət yönümlü layihələrin və birgə təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə etdi.

Sonra Elçin Cəfərov çıxış edərək layihənin məzmunu, görüşlərin proqramı, beynəlxalq və yerli mütəxəssislər, layihə komandası haqqında danışdı. Vurğulandı ki, layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdır.

Tədbirin ilk hissəsində “Böyük Britaniyada çağdaş teatr: dramaturgiya” mövzusunda dramaturq, London Nitq və Dram Sənəti Kral Məktəbində Dramaturgiya kafedrasının müəllimi Sara Qroçalanın spikerliyi ilə seminar keçirildi.

Ardınca universitetin kiçik səhnəsində “Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant konsept kimi” adlı müzakirə aparıldı. Nik Peynin “Bürclər” pyesinin qısa fraqmentinin oxunuşu oldu. Oxunuşu ADMİU-nun Dram teatrı və kino aktyorluğu üzrə IV kurs tələbələri Ləman Səlimova, Nicat İsgəndərli və Fidan Ağazadə həyata keçirdilər. Daha sonra pyesin müzakirəsi aparıldı, əsərin ideyası və Azərbaycan cəmiyyətinə mesajları haqqında diskussiya keçirildi.

Layihə çərçivəsində növbəti tədbir fevralın 23-nə nəzərdə tutulub.

Həmidə