Bölgə teatrlarının yaradıcılıq yeniliklərini izləmək, onların repertuarı ilə əyani tanışlıq üçün fürsət olan “Qonaq teatr” layihəsi davam edir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) layihəsi çərçivəsində fevralın 19-da Lənkəran Dövlət Dram Teatrının “The Müqəssir” (Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesinin motivləri əsasında) tamaşası göstərildi.

ATXİ-nin böyük səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Saleh Əzimzadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli ifa etdilər.

Tərtibat, səhnə geyimləri və musiqi həlli baxımından diqqəti cəlb edən tamaşada rejissor klassik mətni çağdaş ifadə dilinə çevirməklə onun üzərində bir neçə əməliyyat aparıb.

Nəticədə məlum mətni dekonstruksiya eləməklə kifayətlənməyərək ona bir az da effektiv təqdimat üsullarını qatmışdı. Tamaşada Mixail Bulqakovun və Səbuhi İmanovun mətnlərindən də istifadə olunub.

Bu mənada, tərtibat və musiqi həllində əsərdən, onun ana ideyasından irəli gələn sadə hekayət alt qatdakı kosmopolit təyinlərin sintezində ifadə dili ilə təqdim olunur.

Tamaşanın əsas iştirakçıları olan Kişi və Qadın gecənin birində başa düşürlər ki, indiyədək onlar gerçək xoşbəxtliyin nə olduğunu anlamadan, əslində, bir-birini sevmədən yaşayıblar. Aralarında gedən söhbətdən məlum olur ki, Kişinin sağlamlıq problemi var və bu, onların arasındakı soyuqluğu daha da artırır. Nəticədə Qadında yığılıb qalan enerji onu darmadağın edir. Beləcə, gərginlik kulminasiya nöqtəsinə çatır və ağlasığmaz qərar belə məntiqli görünür. Nə etməli? Bunun bir yolu var: yenidən cənnətə qayıtmaq və Adəmlə Həvvanın cənnət günlərində yaşadıqları vaxtda olduğu kimi qayğısız və firavan yaşamaq.

Tanrı da onlara bir şans verib, səbirlərini sınağa çəkir. Lakin Qadının səbirsizliyi ucbatından bu dəfə də sınaqdan çıxa bilmirlər. Sonda Qadınla Kişi komalarına qayıdıb iztirablı və qayğılı həyata davam etmək məcburiyyətində qalırlar...

Böyük maraq və alqışlarla qarşılanan tamaşanın sonunda rejissor Abdulla Elşadlı bölgə teatrları ilə uğurlu əməkdaşlığa və “The Müqəssir” tamaşasının orijinal quruluşuna görə ATXİ-nin fəxri fərmanı ilə təltif edildi.

Həmidə