Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (“VDNX”) “Neft” pavilyonunda “Bakı Neft Cəmiyyəti”nin yaradılmasının 150 illiyi münasibətilə konfrans təşkil edilib.

“Azərbaycan” pavilyonunun informasiya dəstəyi ilə “LUKoyl” şirkətinin təşkil etdiyi konfrans çərçivəsində Rusiya və Azərbaycanın neft sənayesinin yaradılmasının və inkişafının tarixinə aid fotomateriallar, sənədlər təqdim edilib.

Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri namizədi Aleksandr Matveyçuk qeyd edib ki, XIX əsrin sonunda Rusiya imperiyasında səkkiz şaquli inteqrasiya olunmuş şirkət (geoloji kəşfiyyat, hasilat və neft emalından tutmuş son istehlakçılara neft məhsullarının satışına qədər tam istehsalat tsiklinə malik şirkətlər) mövcud olub.

Vasili Kokorev və Pyotr Quboninin təsis etdiyi “Bakı Neft Cəmiyyəti” xaricdən kapital cəlb edən ilk səhmdar şirkətdir. O vaxt artıq Bakıda Şəmsi Əsədullayevə və Musa Nağıyevə məxsus iki neft şirkətinin də fəaliyyət göstərdiyini diqqətə çatdıran tarixçi Azərbaycan və Rusiya alimləri tərəfindən Bakı neft sənayesinin inkişafının bu dövrünün birgə öyrənilməsinin vacibliyini vurğulayıb.

A.Matveyçuk onu da bildirib ki, 1863-cü ildə neft sənayeçisi V.Kokorevin dəvəti ilə Dmitri Mendeleyev Suraxanıdakı Bakı Neft Emalı Zavoduna səfər edib və məhz o, Bakıda neftin fasiləsiz distillə edilməsi, həmçinin neft çənlərinin, neftdaşıyan gəmilərin və neft boru kəmərlərinin istifadəsi ideyalarını irəli sürüb.

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiri Vaqif Kərimov xatırladıb ki, dünya neft sənayesinin inkişafı Azərbaycanın paytaxtı ilə bağlıdır: “XIX əsrin 70-ci illərində Bakı şəhərində və onun ətrafında neft inqilabı başladı. Burada müxtəlif ölkələrdən olan sənayeçilər öz şirkətlərini açsalar da, neft sənayesinin inkişafında Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi neft istehsalçıları fəal rol oynayıblar...”.

“SOCAR RUS” MMC-nin baş direktoru Rüfət Mahmud da Azərbaycanın neft sənayesinin inkişaf tarixindən danışıb.

Qeyd edək ki, 1874-cü ildə rus sənayeçiləri və xeyriyyəçiləri Vasili Kokorev və Pyotr Qubonin tərəfindən yaradılan “Bakı Neft Cəmiyyəti” 1918-ci ilə qədər fəaliyyət göstərib.