2 fevral – 1 mart tarixlərində Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən 42-ci Beynəlxalq Şalyapin Opera Festivalına Rusiya, Azərbaycan, İtaliya və Belarusun tanınmış dirijor və solistləri qatılıb.

Builki festival Kazan Opera Teatrının 150 illiyinə həsr edilib. Festivalın ən yaddaqalan tamaşalarından biri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi C.Puççinin “Toska” operası olub. Rusiyanın Bolşoy (Moskva), Mariinski (Sankt-Peterburq) və Belarusun Bolşoy teatrlarının solistlərinin yer aldığı tamaşa yerli mətbuatda xüsusi işıqlandırılıb.

Festivalın açılış günü Kazan səhnəsində premyerası keçirilən Mixail Qlinkanın “İvan Susanin” (“Çar üçün həyat”) operası da böyük maraq doğurub. İlk klassik rus professional operası sayılan əsərə tanınmış rejissor Yuri Aleksandrovun quruluş verib, tamaşanı isə dünyaca məşhur dirijor, Rusiyanın Bolşoy və Mariinski teatrlarının rəhbəri Valeri Gergiyev idarə edib.

Festival çərçivəsində C. Rossininin “Sevilya bərbəri”, C.Verdinin “Aida”, R.Leonkavallonun “Məzhəkəçilər”, M.Musorqskinin “Boris Qodunov”, P.Çaykovskinin ”Yevgeni Onegin” operaları nümayiş olunub. Festivala Mariinski Teatrın Gənclər Vokal Akademiyasının fevralın 29-da və martın 1-də keçirilən qala-konsertləri ilə yekun vurulub.

Onu da qeyd edək ki, dirijor Əyyub Quliyevin Kazan Dövlət Opera Teatrı ilə əməkdaşlığı 2021-ci ildə Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası ilə başlayıb.