Azərbaycan Milli Kitabxanasında ölkəmizdə qadın hərəkatının görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, Əməkdar müəllim Səidə İmanzadənin (1910–1992) xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov qeyd edib ki, Səidə İmanzadə xalqın maariflənməsi yolunda mühüm xidmətlər göstərib, cəhalətə və savadsızlığa qarşı ümumxalq hərəkatının önündə gedən xanımlardan biri olub.

Tarix elmləri doktoru Dilarə Seyidzadə kitabın önəmini vurğulayaraq bildirib ki, Səidə xanımın obrazı, onun irsinin öyrənilməsi bugünkü gəncliyimiz üçün çox önəmlidir.

Səidə İmanzadənin tələbəsi olmuş Milli Məclisin deputatı, professor Anar İsgəndərov onu milli ruha sahib xanım, tələbələrinə sevgi və qayğı ilə yanaşan pedaqoq kimi xarakterizə edib. BDU-nun kafedra müdiri professor İradə Hüseynova, Səbail rayon icra başçısının müavini Kəmalə Həşimova, digər çıxış edənlər Səidə İmanzadənin elmi, pedaqoji və ictimai fəaliyyətindən söz açıblar.

Səidə xanımın oğlu Mübariz İmanzadə tədbirin iştirakçılarına təşəkkürünü bildirib.