Xalq artisti, görkəmli rəqqasə və xoreoqraf, pedaqoq Xumar Zülfüqarovanın (1927–2017) sənət yoluna həsr edilmiş film-konsert lentə alınıb.

Martın 11-də Beynəlxalq Muğam Mərkəzində "Ustad dərsi" adlı filmin təqdimatı olub.

Rejissoru və ssenari müəllifi Əməkdar artist Samir Səmədov olan ekran işində X.Zülfüqarovanın həyat və yaradıcılığı, həmçinin pedaqoji fəaliyyəti əksini tapıb.

Rejissor X.Zülfüqarovanın milli və dünya rəqs sənətinin incəliklərinə dərindən bələd olduğunu söyləyib. Diqqətə çatdırıb ki, ekran işi Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə ərsəyə gəlib.

Filmin nümayişindən sonra Xalq artistinin yetirməsi Afaq Hüseynova, eləcə də sənətkarın nəvəsi Eldar Zülfüqarov xatirələrini bölüşüb, filmin yaradıcı kollektivinə təşəkkür ediblər.