Bu il görkəmli teatr və kino aktyoru, Xalq artisti Hüseynağa Sadıqovun (1914–1983) anadan olmasının 110 illiyidir. 69 il ömür sürən sənətkar teatr və ekranda bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Sadıqov 1914-cü il martın 21-də Bakının qədim məhəllələrinin birində tacir Ələsgərin ailəsində dünyaya gəlib. Sənətkarın qızı Tamella Sadıqova müsahibəsində bu barədə söyləyib: “Atam Bakıda doğulub, amma kökümüz Cənubi Azərbaycandandır, sonralar bu tərəfə köçüb yaşayıblar. 30-cu illərdə yenidən Cənubi Azərbaycana qayıtmalı olublar. Atam bu barədə danışmağı sevməzdi, bu mövzu onu çox ağrıdırdı. Ailəsi Cənubi Azərbaycana köçəndə atam getməyib. Onda təxminən 20 yaşı varmış, Gənc Tamaşaçılar Teatrında işləyirmiş. Teatrdan ayrıla bilməyib. Atası, anası, bacı-qardaşları,  hamı o tərəfə keçib. O burda tək-tənha qalıb. Fikirləşirmiş ki, yəqin ailəsi bir müddətdən sonra geri qayıdacaq. Amma onların ayrılığı heç bitmədi…”.

Hüseynağa orta məktəbdə oxuyarkən həvəskar teatr truppalarına maraq göstərib. 1930-cu ildə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına sınaq müddətinə qəbul olunub və qısa müddətdən sonra teatrda aktyor kimi fəaliyyətə başlayıb.

Onun da yolu II Dünya müharibəsinin od-alovundan keçib. Döyüşlərdə yaralandıqdan sonra ordudan tərxis olunub və yenidən çalışdığı teatrda fəaliyyətini davam etdirib.

H.Sadıqov 50 ildən çox fəaliyyət göstərdiyi teatrın səhnəsində Məşədi Cabbar, Tarverdi (“Molla İbrahimxəlil kimyagər” və “Xırs quldurbasan” – M.F.Axundzadə), Trufadino (“İki ağanın bir nökəri” – K.Qoldoni), aptekçi, Spid (“Romeo və Cülyetta”, “İki veronalı” – V.Şekspir), Jiront (“Skapenin kələkləri” – J.B.Molyer), Cəbi, Əhməd (“Hacı Qəmbər”, “Ağa Kərim xan Ərdəbili” – N.Vəzirov) və s. dramatik və komik rollar ifa edib. “Komsomol poeması” (S.Vurğunun poeması əsasında İ.Coşqunun yazdığı pyes) tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə respublika Lenin komsomolu mükafatına layiq görülüb. İstedadlı aktyor uşaqlar üçün tamaşalarda da çıxış edib, balaca teatrsevərlərin rəğbətini qazanıb.

Kinoda da bənzərsiz obrazları ilə yadda qalan sənətkar “Azərbaycanfilm”də lentə alınan “Səhər” (1960), “Telefonçu qız” (1962), “Sehrli xalat” (1964), “Yenilməz batalyon” (1965), “Yeddi oğul istərəm” (1970), “O qızı tapın” (1970), “Babamızın babasının babası” (1981), Moskvada M.Qorki adına kinostudiyada istehsal olunan “Ələddinin sehrli çırağı” (1966) və digər ekran əsərlərində çəkilib.

Görkəmli sənətkar epizodik rollarda rahatlıqla çəkilib, istedad və bacarığını ortaya qoymağa çalışıb. H.Sadıqov 1975-ci ildə rejissor Arif Babayevin lentə aldığı “Alma almaya bənzər” filmində Nadir baba rolu ilə tamaşaçıların qarşısına çıxır. Həmin filmdə Kərimov rolunu ifa edən Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Əməkdar incəsənət xadimi Cəmil Quliyev müsahibələrinin birində deyir: “Hüseynağa Sadıqovla ilk dəfə həmin filmin çəkilişlərində tanış olmuşam. Hüseynağa müəllim çox qürurlu insan idi. Öz sənətinə hörmətlə yanaşırdı. Yadımdadır ki, bir dəfə söhbətlərinin birində bildirirdi: “Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram. Bilirəm ki, qapım döyüləndə və ya telefon zəngi çalınanda məni ya televiziyaya, ya kinostudiyaya, ya da teatra çağırırlar. Həyatda nə qazanmışamsa, öz zəhmətim sayəsində olub”.

Aktyorun ən unudulmaz rolu, heç şübhəsiz, Xalq artisti, kinorejissor Tofiq Tağızadə tərəfindən 1981-ci ildə çəkilmiş “Babamızın babasının babası” filmindəki Əziz baba obrazıdır. Filmdə 160 yaşlı Əziz baba məhəbbət və əbədilik ideyalarının daşıyıcısı kimi göstərilib. Bir gün baba zorla ərə verilən Zeynəbi (Həmidə Ömərova) toy vaxtı atın tərkinə alıb öz evinə gətirir. Nəvəsinin (Sabir Məmmədov) bu qızı sevdiyini biləndə sevinci yerə-göyə sığmır. Əziz babanın böyük sevincinin səbəbi ondan yan keçən xoşbəxtliyin nəvəsinə çatdığını görməsindədir...

Hüseynağa Sadıqov uşaqların sevimli səhnə personajları – ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların ifasında uğurlar qazana bilib. Radio verilişlərindəki işləri indi də xatırlanan sənətkar Xoruz baba, Piri baba kimi obrazlarla uşaqların sevimlisi olaraq yaddaşlarda qalıb.

Geniş tamaşaçı rəğbəti qazanan aktyor bunu hər addımında hiss edirdi. Tamella Sadıqova xatırlayır ki, atası taksiyə minəndə sürücü ondan pul götürmürdü: “Atamsa buna razı olmurdu. Trolleybusa da minə bilmirdi, hamı onunla söhbət eləməyə can atırdı. Atam da piyada getməyə məcbur olurdu. Bazara gedəndə ondan pul almaq istəmirdilər. Amma pulsuz bir çöp də götürməzdi...”.

Görkəmli aktyorun sənəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1956-cı ildə “Əməkdar artist”, 1979-cu ildə isə “Xalq artisti” fəxri adları ilə təltif olunub.

Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.

Nurəddin Məmmədli