Hüseyn Cavidin Ev-Muzeyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib. Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra muzeyin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək 106 il öncə erməni vandallarının xalqımıza qarşı törətdiyi soyqırımı cinayətləri haqqında məlumat verib. Qeyd olunub ki, uzun illər sovet rejimi “xalqlar dostluğu” ideologiyasını təbliğ etdiyi üçün bu hadisəni də ört-basdır etməyə çalışıb. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq 1918-ci ilin qırğınlarına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Muzeyin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib, aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib.

Alim bildirib ki, tarixin həmin qanlı səhifəsinin izləri günümüzdə də qalmaqdadır. İstiqlaliyyət küçəsində yerləşən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası, AMEA rəyasət heyətinin binasına diqqətlə nəzər salsaq güllə izlərini görə bilərik.

Sonda tədbir iştirakçıları 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.