Şəfiqə Axundovanın 100 illiyinə həsr olunmuş musiqi axşamı

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın (1924–2013) 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Aprelin 1-də təşkil olunan konsertdən əvvəl musiqişünas Gülxanım Əsədzadə çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, bəstəkar daim axtarışda olub, milli və klassik musiqi ənənələrinin vəhdətinə çalışıb: “Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır. O, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirib. Şəfiqə Axundova bu əsərlə Üzeyir Hacıbəyli ənənələrini dinləyicilərə yeni müstəvidə ötürüb. Üzeyir bəyin xeyir-duası ilə bəstəkarlığa başlayan Şəfiqə xanımın yaradıcılığında mahnı janrı da ana xətt hesab oluna bilər. Bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb. Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib”.

Sonra konsert proqramı təqdim olunub. Proqramda teatrın solistləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, müğənnilər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İskəndərli, Rövşən Qəhrəmanov çıxış ediblər.

İfaçıları Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.

Lalə