Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalında elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə aprelin 9-da Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin 75 illik yubileyinə həsr olunmuş konfrans-konsert keçirildi.

Konfransda Arif Əsədullayevin bərpa edib ilk dəfə nota aldığı “Kərəmi” zərbli muğamı və elmi-tədqiqat laboratoriyası əməkdaşlarının (A.Əsədullayev, Z.İsayev, S.İsayeva, M.Əsədullayeva) birlikdə yazdığı “Azərbaycan milli çalğı aləti kamançanın konsrtuktiv xüsusiyyətləri və akustik xarakteristikaları” kitablarının təqdimatı oldu.

Konfransı giriş sözü ilə BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açdı. O, BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəylinin yubilyara göndərdiyi təbrik məktubunu oxudu.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən, zəngin ifaçılıq təcrübəsindən, Əsədullayevlər ailəsinin Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından danışdı.

Uzun illərdir zəngin muğam xəzinəsinin tədqiqi, tədrisi və nota yazılması sahəsində fəaliyyət göstərən A.Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Azərbaycanın klassik 7 instrumental muğamını – “Çahargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “Şur” və “Şüştər” muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota alıb, daha sonra isə qalan muğamları – “Mahur hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Bayatı-kürd”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah” instrumental muğamlarını “Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş ictimaiyyətə təqdim edərək muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi çatdırılmasında əvəzsiz elmi mənbədir. A.Əsədullayevin nota aldığı bu muğamların müəllimlərin, geniş musiqi ictimaiyyətin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin istinad edə biləcəyi çox lazımlı tədris vəsaitidir.  

A.Əsədullayevin bərpa edib nota aldığı “Kərəmi” zərbli muğamının adına məşhur tarçalan Mirza Fərəcin XIX əsrdə tərtib etdiyi cədvəldə rast gəlirik. Onu da qeyd etmək istəyirəm ki, aşıq havası “Kərəmi”nin  yaranma tarixinin daha da qədim dövrlərə gedib çıxdığını və bu havanın yaradıcısının XIII əsrdə yaşamış Aşıq Kərəm olduğunu görürük. Aşıq Kərəmin əsl adı Mahmud olub. Onun bağladığı “Əsli və Kərəm” dastanı o qədər dillər əzbəri olur ki, aşığın əsl adı unudularaq Aşıq Kərəm kimi məşhurlaşmağa başlayır.

“Kərəmi” zərbli muğamının səs yazısı ixtisasca musiqiçi olmayan, ancaq muğamı dərindən bilən həkim Akif Cahangiroğlundan əldə edilib. XX əsrin əvvəllərində, 1912-ci ildə Məcid Behbudovun və Cabbar Qaryağdıoğlunun Əkbər Xumuş oğlu ilə birlikdə dəyişmə şəklində ifa olunmuş (qrammofon valında) səs yazısıdır. “Kərəmi” zərbli muğamı “Bayatı-Qacar” səs sırasında “Dügah” muğamının motivlərinə əsaslanaraq ifa olunur. “Kərəmi” zərbli muğamının ifa prinsiplərini, texniki xüsusiyyətlərini mükəmməl bilən A.Əsədullayevin hazırladığı bu not nümunəsi təqdirəlayiqdir. O, metodik vəsaitdə qeyd edir ki, Azərbaycanın görkəmli bəstəkarı M.Maqomayev “Şah İsmayıl” operasında “Kərəmi” zərbli muğamından istifadə edib. Ərəbzəngi mövzusu məhz “Kərəmi” zərbli muğamının həm ritmi, həm də metodik xüsusiyyətlərinə istinad edərək bəstələnib. “Kərəmi” zərbli muğamında irfani xüsusiyyətlərinə görə başqa zərbli muğamın həm fəlsəfi, həm də psixoloji təsir gücünü nəzərə alaraq bu zərbli muğamdan istifadə edilib. 

Konfransda təqdim olunan “Azərbaycan milli çalğı aləti kamançanın konstruktiv xüsusiyyətləri və akustik xarakteristikaları” adlı məcmuə BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən hazırlanıb. Kitabda kamançanın bəzi konstruktiv və ifaçılıq xüsusiyyətləri, habelə akustik (amplitud-tezlik) xarakteristikaları haqqında məlumatlar verilib. Məlum olduğu kimi, dünya üçün yeni olmayan musiqi akustikası elmi Azərbaycanda 2007-ci ildən başlayaraq, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru professor G.Abdullazadə tərəfindən öyrənilməyə başlanıb. Hazırda elmi-tədqiqat laboratoriyasında milli musiqi alətlərimiz olan tarın və kamançanın səs dalğalarının spektral analizi aparılır və bu analizlər vasitəsilə səs tembrini əmələ gətirən tezlik komponentləri müəyyənləşdirilir, səs dalğalarının amplitud-tezlik xarakteristikaları (ATX) təyin olunur. Bütün bu işlərin həyata keçirilməsində elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayevin əvəzsiz rolu vardır. 

Konfrans-konsertdə Azərbaycan Milli Konservatoriyasının (AMK) professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, mədəniyyət nazirinin müşaviri Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, BMA-nın elmi-tədqiqat laboratoriyasını aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudov, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayev, Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Dilbər Məmmədova, AMK-nın professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Kərimov, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü Rüfət Ramazanov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin işçisi Təranə Əliyeva, həmçinin bu sətirlərin müəllifi məruzə ilə çıxış etdilər. 

Konfransda iştirak edən tanınmış musiqiçilər, alimlərlə yanaşı, A.Əsədullayevin ömür-gün yoldaşı Xalq artisti, professor Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayeva da iştirak edirdi. Qeyd etmək istəyirəm ki, Elm və Təhsil Nazirliyi Elmi-metodiki şurasının təsdiq etdiyi A.Əsədullayevin müəllifi olduğu instrumental dərs vəsaitlərinin redaktoru Şəfiqə Eyvazovadır.  

Konfransın sonunda professor Arif Əsədullayev BMA-nın rəhbərliyinə, qonaqlara və konfrans iştirakçılarına minnətdarlığını bildirdi.

Konfrans-konsertdə musiqi nömrələri ilə xalq çalğı alətləri üçlüyü – kamançada Mehri Əsədullayeva, tarda Elşən Tahirov, nağarada Qurban Abbasov “Kərəmi” zərbli muğamını, BMA-nın II kurs tələbəsi Elvin Salmanov saksofonda “Çahargah” muğamından parçanı ifa etdilər.

75 yaşını qeyd edən yubilyarımız ömrünün əlli ildən çoxunu kamança sənətinin təbliğinə və pedaqoji fəaliyyətə sərf edib. Sənətkarımızın muğamşünaslıq sahəsində fəaliyyəti həm Azərbaycan elminin, həm də ifaçılıq sənətimizin inkişafına böyük töhfədir.  

Nigar Bayramova
BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi