Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası (AzTV) tərəfindən “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

Layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.

Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrlərin yadigarı olan qəsrin qarşısında muğam və təsniflərimizi səsləndirib. Onu tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.

Həmin ifanın lent yazısı aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq.

Qeyd edək ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.