Aprelin 19-da Sumqayıt Dövlət Dram Teatrında mərhum teatr və kino rejissoru Rövşən Almuradlının 70 illik yubileyi ilə əlaqədar xatirə gecəsi keçiriləcək.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq mərasimdə sənətkarın həyat və yaradıcılığına nəzər salınacaq. Ekranlaşdırdığı bədii filmlər, səhnələşdirdiyi tamaşalardan parçalar göstəriləcək, sənət yoldaşları onun haqqında xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, Rövşən Əziz oğlu Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. 1972–1976-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1984–1987-ci illərdə Rusiya Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.

Ötən əsrin 80-ci illərində, milli oyanış ərəfəsində rejissor traktovkaları ilə ideya və əqidə cəbhəsində əsgər kimi döyüşüb, maraqlı tamaşaları ilə cəmiyyətə mühüm mesajlar ötürüb.

R.Almuradlı dünya dramaturgiyasına, klassik ədəbiyyata yetərincə bələd idi. Sumqayıt teatrında maraqlı əsərlərə quruluş vermişdi. Bu mənada, “Bayramın birinci günü”, “Dəyirman”, “Oğru” və repertuarda önəmli yer tutan daha bir neçə tamaşa maraqlı səhnə həllinə görə teatr ictimaiyyətinin və tamaşaçıların rəğbətini qazanıb.

Rejissor 2019-cu ilin 2 aprel tarixində vəfat edib.