Bakı Dövlət Universiteti (BDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi təşkil edib. BDU-nun həyətində keçirilən sərgiyə nəşriyyatlar və kitab mağazaları qatılıb.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev və ANAİB-in sədri Şamil Sadiq sərginin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, kitab sərgisi təqribən 30-a yaxın nəşriyyatı bir araya gətirib.

“Düşünürəm ki, bu addımla tələbələri kitaba bir pillə də yaxınlaşdırdıq. Çünki bu sərgidəki kitablar müəyyən güzəştlərlə təqdim olunur. Müəlliflər, naşirlər, yazarlar elə özləri stendlərdə duraraq kitabları haqqında oxuculara məlumat verirlər”, – deyə Ş.Sadiq bildirib.

ANAİB-in sədri diqqətə çatdırıb ki, bugünkü məzmunda sərgi mayın 11-12-də Naxçıvan Dövlət Universitetində də təşkil ediləcək.

“Nəşriyyatların sərgiyə çıxardığı kitablar müxtəlif mövzuları əhatə edir. Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr həm öz ixtisasları, həm də ölkəmizin ədəbiyyatını əks etdirən bədii ədəbiyyatlarla maraqlanırlar. Qeyd edim ki, sərgi gün ərzində, o cümlədən bugünkü məzmunda yarmarkalar il boyu davam edəcək", – deyə Ə. Ağamirzəyev vurğulayıb.