Bakıda başlanan müzakirələr Laçında yekunlaşıb

 

Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forum keçirilib.Foruma 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi qatılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib. Dövlətimizin başçısı müxtəlif ölkələrdən ekspertlərin suallarını cavablandırıb.

Aprelin 24-də beynəlxalq forum çərçivəsində Laçında konfrans keçirilib. Konfransda alimlər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı təcrübələrini bölüşüblər.

“Qarabağda dayanıqlı inkişaf” mövzusunda ilk panelin moderatoru ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub.

Paneldə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin çıxışları dinlənilib. Daha sonra sual-cavab sessiyası keçirilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” (2022–2026) üzrə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 min nəfər köçəcək. İşğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir. “Ağıllı kənd” konsepsiyası üzərində qurulan Ağalı kəndində hazırda 175 ailə (871 nəfər) məskunlaşıb.

Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 2026-cı ilədək 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsi inşa olunacaq. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Cəbrayılda icra edilən böyük layihələr sırasında BP şirkəti ilə birgə inşa edilən 240 MqVt günəş elektrik stansiyası da daxildir. Rayon ərazisində 109 kəhrizdə bərpa-inşaat işləri gedir. Bu kəhrizlərin çoxu tamamilə məhv olunmuşdu, bəziləri ciddi zədələnmişdi. Hazırda onlar da bərpa olunur.

Zəngilan şəhərində 13 binadan ibarət kompleks tikilir və sakinlərin 2024–2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir.

Bundan əlavə, Cəbrayıl rayonunun Horovlu qəsəbəsində, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb.

“Yaşıl infrastrukturun inkişafı təcrübələri və alternativ və bərpa olunan enerji təşəbbüsləri” mövzusunda ikinci panelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev moderatorluq edib.

Ceymstaun Fondunun idarə heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi, “Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina və “Methinks” şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi Con Roberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalq praktikadan bəhs ediblər, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqindən danışıblar.

Panel sessiyasının yekununda iştirakçıların sualları cavablandırılıb.