Aprelin 27-də Muzey Mərkəzinin akt zalında Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin “Muzeydə musiqili axşamlar” birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Konsert proqramında Humay Qasımzadə (fortepiano) və Qleb Xoxlov (violonçel) müasir bəstəkarlardan Morton Feldmanın “Spring of Chosroes”, Pyer Bulezin “Anthemes” əsərlərini, Qalina Ustvolskayanın sonatasını və Reyko Fyutinqin “Luici Rossinin kolleksiyasından musiqiyə beş meditasiya”nı ifa ediblər.

Humay Qasımzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (professor Adilə Vəkilovanın sinfi) bitirib, Norveçin Bergen şəhərində və Nyu-Yorkda Manhetten musiqi məktəbində magistr dərəcələrini, Ohayoda Boulinq Qrin Dövlət Universitetində doktorluq dərəcəsini alıb. O, bir çox festivalların iştirakçısı və beynəlxalq müsabiqələrin qalibidir. Hazırda “Cadenza” orkestrində pianoçu kimi fəaliyyətini davam etdirir.

Qleb Xoxlov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Qədim və müasir ifaçılıq sənəti fakültəsini fərqlənmə diplomu ilə bitirib, sonra isə müasir musiqi üzrə assistenturaya daxil olub. Onun təşəbbüsü ilə 2017-ci ildə “Vacuum Quartet” müasir musiqi ansamblı yaradılıb. Q.Xoxlov ötən il “Cadenza” dəvət edir” layihəsi, həmçinin Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş “I Bakı Müasir Musiqi Günləri” festivalı çərçivəsində Bakıda həm ustad dərsi, həm də konsert proqramı ilə çıxış edib.

Lalə