Aprelin 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Ekoloji problemlər və sağlamlıq” adlı mühazirə keçirib.

Tədbirdə Suraxanı rayon 97 və 208 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Mühazirədə sağlam dünya, yaşıl həyat naminə ekoloji mədəniyyətin, ətraf mühitə diqqət və qayğının formalaşmasında aktiv iştirak etməyin əhəmiyyətindən danışılıb.

Məktəblərin kollektivləri mühazirədən sonra Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Həmçinin mərkəzin təşkilatçılığı ilə Suraxanı rayonundakı Bülbülə gölü ətrafında “Təmiz ekoloji mühit – sağlam həyat” mövzusunda maarifləndirmə işləri aparılıb, təmizlik aksiyası həyata keçirilib. Aksiya çərçivəsində göl ərazisi məişət tullantılarından təmizlənib, ümumi iməcilik həyata keçirilib.