İyunun 28-29-da Bakıda böyük öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu: Bakı forumu” beynəlxalq konfransı keçiriləcək.
   
   Konfransın təşkilatçıları Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyidir.
   Konfransda aktual məsələlərin, o cümlədən mədəniyyətlərin birliyi və müxtəlifliyi, Şərq və Qərbin dünya mədəniyyəti prosesində rolu, qlobal təfəkkür tərzinin formalaşması, müasir dövrün qlobal problemləri və sabit inkişaf mədəniyyətinin formalaşması, mədəniyyətlərarası əlaqələrin etik dəyəri məsələlərlə ilə bağlı mövzuların müzakirəsi nəzərdə tutulub.
   Rusiya Fəlsəfə Cəmiyyəti Rəyasət Heyətinin üzvü, fəlsəfə elmləri namizədi Ariz Gözəlov bildirib ki, forumda Azərbaycan və Rusiya alimləri məruzələrlə çıxış edəcək, diskussiyalar aparacaqlar. Konfransın materialları toplu şəklində nəşr olunacaq.