“Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi şəhərində - dahi bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzində “Arşın mal alan” musiqili komediyası nümayiş etdirilib. Tamaşada mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları iştirak ediblər.
   
   Mərasim iştirakçıları əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin büstü önünə çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
   Qarabağ Muğam Mərkəzinin qarşısında keçirilən tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iştirakçıları musiqi bayramı münasibətilə təbrik edib, dahi Üzeyir bəyin anadan olduğu torpaqda belə bir möhtəşəm tədbirin keçirilməsinə şərait yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
   Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, tanınmış şair Vaqif Bəhmənli, akademik Budaq Budaqov, Xalq artisti Ağaverdi Paşayev dahi musiqiçinin çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsi təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tükənməz sərvətidir.
   Sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının tamaşası tədbir iştirakçılarına təqdim olunub. Tamaşada əsas rolları Ramin Qasımov (Əsgər), Əməkdar artist Gülnaz İsmayılova (Gülçöhrə) ifa ediblər. Səhnə əsərinin musiqi rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi professor Əli Usubovdur.
   Qarabağ Muğam Mərkəzinin qarşısına toplanmış minlərlə ağcabədili tamaşanı maraqla izləyib.