Xəbər verdiyimiz kimi, oktyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda «Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlim keçirildi. Muzey Mərkəzində gerçəkləşən tədbirdə bir neçə ölkədən ekspertlər, mətbuat nümayəndələri iştirak edirdilər. Onlardan bir neçəsinin beynəlxalq təlim barədə təəssüratlarını, ümumilikdə mədəniyyətin təbliğində medianın rolu barədə fikir və düşüncələrini öyrəndik.
   
   Gülşad Baltayeva: «Mədəniyyətdən yazan jurnalistlər dərin savada malik olmalı, mədəniyyət sahəsini yaxşı bilməlidir»
   
   Ümumrusiya Dövlət Teleradiokompaniyası (RTR) Mədəniyyət şöbəsinin müdiri Gülşad Baltayeva mədəniyyət sahəsində jurnalist kimi çalışmağın heç də asan olmadığını dilə gətirdi: «Mədəniyyətdən yazan jurnalistlər mütləq təhsilli, savadlı olmalı, mədəniyyət sahəsini yaxşı bilməlidir. Bizim vəziyyətimiz isə kifayət qədər mürəkkəbdir. Çünki televiziyada insan həm jurnalist, həm reportyor olmalı, həm də hər bir şeyi bilməlidir ki, danışsın. Mən Almaniya, Fransa televiziyalarına baxıb öz həmkarlarımın təcrübəsindən yararlanmağa çalışıram. Məsələn, bu gün biz kinonun premyerası haqqında danışırıqsa, sabah sərgi haqqında danışacağıq. Daha o biri gün də tamaşaçıya teatrda nələr baş verdiyi haqqında məlumat verəcəyik. Ona görə də, müntəzəm olaraq öz üzərində çalışmalı, özünü maarifləndirməlisən. Məsələn, mən 3 dəqiqəlik süjet hazırlayıram. Bunun üçün böyük bir kitab oxuyuram. Övladım mənə deyir ki, ana, sən üç dəqiqəlik süjet üçün niyə bu boyda kitab oxuyursan? Başqa cür ola da bilməz. Sən hansısa çox tanınmış bir aktyorla görüşürsən. Onunla ünsiyyətdə olmaq üçün haqqında hər bir şeyi bilməlisən. Aktyorun həyatı, işi, yaradıcılığı haqqında bilməklə yanaşı, onunla müsahibələri də oxumalısan”.
   Bakıda keçirilən tədbirlə bağlı fikirlərinə gəlincə, G.Baltayeva dedi: «Bu cür tədbirlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti çoxdur. Mən bilirəm ki, Azərbaycanda «Mədəniyyət» kanalı açmaq istəyirlər. Artıq Moskvada belə kanal 6 ildir ki, fəaliyyət göstərir. Ona görə də, bizim bu sahədə təcrübəmiz var və onu sizlərlə paylaşa bilərik».
   Söhbət əsnasında telejurnalist Azərbaycanla bağlı məlumatın azlığından təəssüfləndiyini də dilə gətirdi: «Bir məsələyə təəssüf edirəm ki, bu gün Rusiyada Azərbaycanla bağlı SSRİ dövrünə nisbətən az məlumat var. Sadəcə olaraq Azərbaycan haqqında dostlarımdan ümumi məlumatlar eşidə bilirəm. Amma ümid edirəm ki, belə tədbirlər davamlı olacaq və biz təcrübə mübadiləsi edə biləcəyik».
   
   Dorin Bitfoin: «Fikirləri bölüşmək hər zaman faydalı və əhəmiyyətlidir»
   
   «Rumıniyanın "Mədəniyyət" milli radiosunun nümayəndəsi Dorin Bitfoin isə bildirdi ki, mədəniyyət sahəsində çalışan jurnalistin özünə auditoriyanı cəlb etməsi bu gün çox çətindir: «Ona görə ki, mədəniyyət sahəsinin özünün çoxlu problemləri var: onun qəbul edilməsi və auditoriyanın baxışları. Çünki indi auditoriya daha çox şou-biznes sahəsinə istiqamətlənib. Bəlkə ona görə ki, bu mövzular daha asan görünur. Mədəniyyət elə bir sahədir ki, sən çox diqqətli və ehtiyatlı olmalısan. Hazırda çalışdığım Rumıniya radiosunun, sizin qəzet kimi, «Mədəniyyət» adlı icmalı çap olunur. Burada mədəniyyət yönlü mövzulara diqqət yetirilir, məqalələr hazırlanır. Bu günün tələbi odur ki, mədəniyyət mövzularını uyğun formaya salaq və sonra auditoriyaya ötürək. Auditoriya da bu mövzularla maraqlanmalıdır. Ona görə ki, şou-bizneslə rəqabət şəraitində bu çətindir. Eyni zamanda televiziya ilə rəqabət aparmaq da heç də asan deyil. Bir sözlə, bizim cəhdlərimizin hədəfi bu mədəniyyət jurnalistikasını formalaşdırmaqdır. Bunun üçün sən əlindən gələni etməlisən».
   Rumıniyalı ekspert beynəlxalq təlimin önəmini də vurğuladı: «Bu tədbir mənim üçün vacibdir. Ona görə ki, sizin mühiti gördüm, buradakı mədəniyyət mövzuları ilə tanış oldum. Bir sözlə, dünyagörüşümün zənginləşməsinə səbəb oldu. Ola bilsin ki, bəzi məsələlər mənim üçün, bəlkə sizin üçün müzakirə olundu. Bu müzakirələr çox faydalıdır və biliklərim zənginləşdi. Hər zaman fikirləri bölüşmək faydalı və əhəmiyyətlidir. Bundan əlavə, problemləri də müəyyən etmək lazımdır. Bəlkə də bununla biz problemlərin həlli yolunu tapa bilərik. Hər şeydən əvvəl vacib olan budur ki, biz nə edə bilərik? Öz işlərimizi, əməkdaşlığımızı inkişaf etdirmək üçün düşünək. Dediyim kimi, mənim üçün vacib olan bu sahədə sizin və bizim üçün yaranmış problemləri tapıb həll etməkdir».
   
   Səbuhi Abbasov:  “Xarici ekspertlərin iştirakı tədbirin həm mahiyyətindən, həm də keyfiyyətindən xəbər verirdi”
   
   Bakı Slavyan Universitetinin jurnalistika şöbəsinin müdiri Səbuhi Abbasov həm mahiyyətinə, həm də miqyasına görə tədbiri yüksək qiymətləndirdi: «Adətən yerli mətbuatla birlikdə müəyyən konfranslar, təlimlər, debatlar, treninqlər keçirilib. Bu dəfə isə Azərbaycan jurnalistlərindən əlavə burada Rumıniya və Rusiyadan gələn ekspertlərin iştirakı təlimin həm mahiyyətindən, həm keyfiyyətindən, həm də məqsədindən xəbər verirdi».    

   Ülviyyə Heydərova: «Aparılan diskussiyalar jurnalistlər üçün «fikir dərsi» oldu»
   
   Təlim-treninqin iştirakçısı, «Pəncərə» (Mədəniyyətə baxış) jurnalının əməkdaşı Ülviyyə Heydərovanın fikirləri belə oldu: «Bildiyiniz kimi, istənilən ölkə ilə ilk tanışlıq onun coğrafi mövqeyindən sonra mədəniyyəti və adət-ənənələrindən başlayır. Ola bilər, xalqın hər zaman qürur duyduğu mənəvi irsi qəbul olunmayıb bəyənilməsin, bununla belə hər millət dünyaya pəncərəsini məhz mədəniyyəti ilə açır. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirdə aparılan diskussiyalar mədəniyyətin müxtəlif sahələrini işıqlandıran jurnalistlər üçün sanki ikigünlük «fikir dərsi» oldu. Jurnalist mətbuatda qısa xəbəri yazsa belə, sonradan təqdim etdiyi hadisənin mahiyyətini izah etməyi bacarmalıdır. Analiz etmək bacarığı nəinki jurnalistin təfəkkürünün inkişafında və formalaşmasında müstəsna rol oynayır, bundan həm də oxucular da faydalanır. Bu mənada xüsusən də, mədəniyyət üzrə ixtisaslaşmış müxbirlər bacardıqları qədər təqdim etdikləri yazıları xəbər formatından çıxarıb, məqalə formatında yazsalar, daha məqsədəuyğun olar. Əlbəttə, bu o demək deyil ki, Azərbaycanın KİV-də mədəniyyət sahəsi yalnız qısa xəbər və ya hesabat formatında təqdim olunur. Amma bu bir reallıqdır ki, resenziyaları daha çox jurnalistlərin deyil, ədəbiyyat və ya incəsənət nümayəndələrinin təqdimatında oxuyuruq. Düşünürəm ki, nazirliyin təşkil etdiyi bu cür tədbirlərdə həm yerli, həm də xarici jurnalistlər şəxsi əlaqələr yaratmaqla, bir-birilərinin təcrübələrindən faydalanmaqla mədəniyyət siyasətinin inkişafına dəstək olacaqlar. Çünki mədəniyyətdən yazmaqla, eyni zamanda tarixin təməl daşı qoyulur və odur ki, bu cür tədbirlərin il ərzində heç olmasa iki dəfə keçirilməsi mətbuat nümayəndələri üçün daha faydalı olar».
   
   Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev «Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı təlim-treninqi nazirliyin təcrübəsində ilk belə tədbir olduğunu diqqətə çatdırdı: «Bir məqamı xüsusi vurğulamaq istərdim ki, nazirliyin belə bir tədbiri təşkil etməklə jurnalistlərə nəyi isə öyrətmək niyyəti yoxdur. Bunun üçün ali məktəblər, jurnalist qurumları və s. var. Bu tədbirin hədəfi mədəniyyət tədbirlərinin şərhi ilə məşğul olan jurnalistləri respublikada aparılan mədəniyyət siyasətinin subyekti olmalarına inandırmaq idi. Və bu siyasətin uğuru, effektivliyi, səmərəliliyi bilavasitə jurnalistlərdən də asılıdır. Ona görə də jurnalistlər tərəfindən yazılan məqalələrin, efir süjetlərinin həqiqətən böyük bir kütləyə təsir etmək imkanları mövcuddur. Ona görə də məhz mədəniyyət sahəsində ixtisaslaşmış jurnalistlərlə bu cür tədbirlərin təşkil olunması və nazirlik tərəfindən aparılan mədəniyyət siyasətinin prioritet istiqamətlərinin onlara çatdırılması olduqca vacibdir”.
   
   Mehparə