Noyabrın 4-də Sumqayıt şəhərində “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda növbəti seminar keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi tərəfindən həyata keçirilən layihə şöbənin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin rəhbərliyi ilə Sumqayıtın Tarixi Muzeyində gerçəkləşdi. 
   
   Tədbirdə Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Mahmudov, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı, Bakı Dövlət Universitetinin professoru, sosiologiya elmləri doktoru Rafael Həsənov, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov, şəhərin mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak edirdilər.
   Tədbirdə çıxış edən nazirliyin sektor müdiri Asif Usubəliyev bildirdi ki, “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsi çərçivəsində seminarlar indiyədək bölgələrdə təşkil olunub və bu il sonuncu seminar Sumqayıtda keçirilir: “Layihənin əsas məqsədlərindən biri mədəniyyət siyasəti məsələsində bölgələrlə paytaxt arasında körpü yaratmaqdır. Bizi narahat edən məsələlərdən biri də mədəniyyət sahəsində inkişafın paytaxt Bakı ilə bölgələrdə bərabər səviyyədə olmamasıdır. Amma Sumqayıt Bakıdan elə də uzaqda olmayan bir şəhərdir və paytaxtla inkişaf tempi təxminən eyni səviyyədə gedir”.
   
   Mədəniyyət müəssisələri turizm potensialından yararlanmalıdır
   
   Nazirlik rəsmisi qeyd etdi ki, kiçik layihələr başlanğıc üçün stimuldur. Mədəniyyət siyasəti ilə bağlı verilən qərarların həyata keçirilməsində yerlərdəki mütəxəssislərin fəaliyyətindən çox şey asılıdır. Sektor müdirinin sözlərinə görə, regionlarda mədəniyyət siyasətinin daha səmərəli aparılması üçün mədəniyyət müəssisələri turizm şirkətləri ilə sıx əlaqə yaratmalıdırlar: “Mədəniyyət evlərində kiçik konsertlər, səhnəciklər hazırlamaq mümkündür. Bu proqramları müqavilə bağladıqları turizm şirkətlərinə təklif etmək olar”.
   A.Usubəliyev mədəniyyət işçilərini müzakirələrdə daha fəal iştirak etməyə çağırdı: “Yerlərdəki passivliyi aradan qaldırmalıyıq. Mədəniyyətimizin təbliğində yerlərdən təşəbbüslər gözləyirik. Mədəniyyətin böyük bir siyasət olduğu hamıya bəllidir. Regionlarda özünü mədəniyyət mütəxəssisi hesab edən hər bir şəxs bu siyasətə nə ilə xidmət etdiyini göstərməlidir”.
   
   Gənclərə milli-mənəvi dəyərlərin aşılanması
   
   Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı mədəniyyət müəssisələri işçilərinin dünya mədəniyyətində gedən prosesləri yaxından izləməsini vacib saydı: “Bu gün gənclərin təfəkkürü dünyanın yeni modern texnologiyasına yaxın olmalıdır. Turizm həm də kulturoloji hadisədir. Turizm sahəsində çalışan insanların ölkənin tarixini, etnoqrafiyasını, milli-ənənələrini bilməsi, incəsənət sahələrindən xəbərdar olması vacibdir. Mədəniyyət siyasətinin əsas hədəflərindən biri də bugünkü gənclərin milli-mənəvi dəyərlərin daşıyıcısı olaraq günün tələbələrinə uyğun inkişaf etməsidir”.
   BDU-nun professoru Rafael Həsənov isə mədəniyyətin nəzəri məsələlərindən danışdı: “Mədəniyyət siyasəti hüquqi təminata arxalanmalı və hadisələri qabaqlamağı bacarmalıdır. İnkişaf etmiş ölkələrdə mədəniyyət siyasətinə xalqın sosial vəziyyətinin və rifahının yüksəlməsi kimi baxılır”.
   
    Mədəniyyət siyasətində insan kapitalı əsasdır
   
   AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Mahmudov isə qloballaşmanın bütün sahələrdə özünü göstərdiyini qeyd edərək gənclərin mədəniyyət evləri, kitabxanalarla daha sıx əlaqədə olmasının vacibliyini qeyd etdi. Natiq layihənin əsas mahiyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, milli mədəniyyətin modernləşməsi labüddür və bunun da əsasında iqtisadi-siyasi vəziyyətin normallaşması durur: “Mədəniyyət siyasətini həyata keçirmək üçün bizə insan kapitalı lazımdır. Mədəniyyət və turizm sahəsinə aid olan ixtisasın diplomunu əldə etmək azdır. Daha çox bugünkü prosesləri izləmək lazımdır”.
   Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov isə bildirdi ki, mədəniyyət layihələri hazırlayarkən bu sahənin mütəxəssislərindən istifadə etmək mütləqdir: “Həqiqətən müharibə vəziyyətində olan bir ölkədə və dünyanı bazar iqtisadiyyatı ağuşuna aldığı bir məqamda mədəniyyət sahəsində çalışmaq fədakarlıqdır. Artıq son illər ölkə rəhbərliyi mədəniyyət sahəsinə də diqqəti gücləndirib. İnkişaf göz qabağındadır. Biz gərək çalışıb bu günə qədər göstərdiyimiz cəsarəti bundan sonra da davam etdirək”.
   Sonda seminar iştirakçıları Sumqayıtın Tarixi Muzeyi ilə tanış oldular.
   
   İntiqam Hacılı