Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş kitab təqdim olundu
   
   Dekabrın 24-də C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi Əli Eyvazovun “Bir batalyonun tarixi” kitabının təqdimat mərasimi keçirildi. 
      
   Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru Tahir Sadıqov torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə həsr olunan kitabın yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün lazımlı bir nəşr olduğunu vurğuladı. Qeyd edək ki, kitab ümummilli lider Heydər Əliyevin 1993-cü il noyabrın 2-də xalqa tarixi müraciətindən sonra Quba-Qusar bölgəsində formalaşaraq ön cəbhəyə gedən könüllülər batalyonundan bəhs edir.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova kitabın əhəmiyyətindən danışaraq vətənpərvərlik mövzusunda olan nəşrin təbliğinin vacibliyini vurğuladı: “17 il əvvəl yaranan Quba-Qusar könüllülər batalyonunun döyüş yolunu əks etdirən bu kitab dəqiq faktlar, real hadisələr əsasında yazılmış əsərdir. Orada əks olunanlar Azərbaycanın tarixidir. Bu tarix unudulmamalıdır”.
   L.Məmmədova bildirdi ki, kitabın Quba və Qusar rayonlarında da təqdimatı keçirilib və yeni nəşr oxucularda böyük maraq doğurub. Nəşrin elektron variantı Gənclər Kitabxanasının (www.ryl.az), Milli Kitabxananın (www.anl.az), Prezident Kitabxanasının (www.preslib.az) saytlarında yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin bu cür layihələrə daima dəstək olduğunu xatırladan nazirlik rəsmisi kitabın daha dolğun variantı olaraq ikinci nəşrinin hazırlanaraq respublikanın kitabxanalarına paylanacağını bildirdi.
   Filologiya elmləri namizədi Esmira Şükürova, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, “Milli Qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə, yazıçı-publisist İntiqam Mehdizadə, yazıçı-publisist Nüşabə Məmmədli və digər iştirakçılar kitab haqqında öz təəssüratlarını bölüşdülər.
   Kitabın müəllifi, Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi Əli Eyvazov kitabın yaranması ideyasından danışdı. Qeyd edək ki, Əli Eyvazov vaxtilə Quba-Qusar könüllülər batalyonunun yaradılmasında yaxından iştirak edib və onun komandiri olub. Natiq bildirdi ki, kitab batalyonun döyüş meydanlarında göstərdikləri qəhrəmanlıq, ölüm-dirim savaşından bəhs edən sənədli povestdir.
   Tədbir boyu Quba-Qusar batalyonunun döyüş səhnələrini əks etdirən slaydlar nümayiş etdirildi, mahnılar səsləndi.
   
   Ceyhun