Dekabrın 26-da Ağcabədi rayon ərazisində laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinin Mədəniyyət evində Aşıq Cabbarın 60 illik yubileyi qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyinin və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, professor Sədnik Paşayev, millət vəkili Tahir Rzayev, tanınmış aşıq Ədalət Dəlidağlı, KİV nümayəndələri, mədəniyyət və incəsənət adamları, saz-söz vurğunları iştirak edirdilər.
   Tədbirdən öncə qonaqlar rayon rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsi və şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər qoydular.
   Yubiley tədbirini giriş sözü ilə açan R.Cəbrayılov qonaqları salamladı, yubilyarı təbrik edərək Laçın rayon İH-nin diplomunu ona təqdim etdi. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatı Aşıq Cabbara təqdim olundu.
   Tədbirin aparıcısı Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar İlyasov Aşıq Cabbarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Qeyd edək ki, Aşıq Cabbar yaratdığı “İşıqlı” ansamblı ilə keçmiş ittifaqın bir sıra tədbirlərinin fəal iştirakçısı olub, Orta Asiyada keçirilən saz festivalında qızıl medala layiq görülüb. Hazırda “İşıqlı” ansamblının 50-dək üzvü var.
   Xalq şairi Zəlimxan Yaqubun, professor Sədnik Paşayevin, millət vəkili Tahir Rzayevin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Laçın aşıqlarının ifasında səslənən havacatlar da dinləyicilərdə və qonaqlarda böyük maraq oyatdı. Sonda söz alan yubilyar həm sazı, həm sözü ilə tədbir üçün zəhmət çəkənlərə minnətdarlığını bildirdi.