Fevralın 14-də Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin Bayraq bayramı və Qurbanqulu Berdıməhəmmədovun prezident seçilməsinin 4 illiyi münasibətilə “Müstəqil, həmişəlik bitərəf Türkmənistan - dostluğun, asudəliyin və xoşniyyətli əməkdaşlığın ölkəsidir” adlı tədbir keçirib.
   
   Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov Türkmənistanın son illərdə sürətli inkişaf yolundan ətraflı məlumat verib, ölkələrimiz arasında əməkdaşlıqdan danışıb. Qeyd olunub ki, 2008-ci ilin mayında prezident Qurbanqulu Berdıməhəmmədovun Azərbaycana, həmin ilin noyabrında prezident İlham Əliyevin Türkmənistana rəsmi səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük təkan verib.
   Azərbaycan hökuməti adından türkmən xalqını təbrik edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında digər sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, 2009-cu ilin noyabrında Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin, 2010-cu ilin noyabrında isə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsi bu əməkdaşlığın bariz nümunəsidir.