Xalq yazıçısı Elçinin yeni monoqrafiyası müzakirə olunub
   
   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-alim Elçinin “Sosrealizm bizə nə verdi?” (Bakı, Mütərcim, 2010) mini-monoqrafiyasının müzakirəsinə həsr olunan “dəyirmi masa” keçirilib. 
   
   Ədəbiyyatşünas alimlərin iştirakı ilə təşkil olunan tədbiri institutun direktoru, akademik Bəkir Nəbiyev açaraq, Xalq yazıçısı Elçini keçən əsrin 60-cı illərindən bu günədək Azərbaycan ədəbiyyatında orijinal dəst-xətti olan nasir, ədəbiyyatşünas, dramaturq, ssenarist və tərcüməçi kimi dəyərləndirib. Alim qeyd edib ki, “altmışıncılar” ədəbi nəslinin yeni qəhrəman və üslub axtarışlarında sənətkarın təqdirəlayiq xidmətləri var.
   Yaradıcılığa maraqlı hekayələr və povestlərlə başlayan ədibin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” kimi sanballı romanlarının işıq üzü gördüyünü diqqətə çatdıran akademik qeyd edib ki, yazıçının son illər qələmə aldığı və populyarlıq qazanmış əsərlərindən olan “Bayraqdar” povesti Azərbaycan hüdudlarını aşaraq dünya oxucusunun maraq dairəsinə daxil olub.
   B.Nəbiyev deyib ki, Elçinin “Sosrealizm bizə nə verdi?” əsəri ədəbi tariximizin ən vacib məsələlərindən birinin həlli baxımından ilk uğurlu elmi təşəbbüsdür. Monoqrafiyada sosializm realizminin ədəbiyyatımızın tarixində və ictimai fikrində rolu, mövqeyi, əhəmiyyəti və uğursuz taleyi müfəssəl araşdırılmalıdır.
   AMEA-nın müxbir üzvü Teymur Kərimli, professorlar Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, filologiya elmləri üzrə fəlsəfə doktoru Şirindil Alışanlı və digər çıxış edənlər monoqrafiyanın əhəmiyyəti, ədəbiyyatımızın dünəni ilə bağlı sanballı və obyektiv bir araşdırma olduğunu diqqətə çatdırıblar.
   “Dəyirmi masa” iştirakçılarına təşəkkür edən Elçin bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük bir hissəsi sosializm realizmi ədəbi metodunun hökm sürdüyü bir dövrdə yaradılıb. Həmin dövrdə nəşr olunmuş ədəbi nümunələrə obyektiv qiymət verməyin vaxtı çatıb: “Bununla belə, biz o dövrdə yazılmış nə varsa, hamısının üstündən xətt çəkə bilmərik. Sözsüz ki, zəif əsərlər yazılıb, ədəbiyyatımıza güclü təzyiqlər olub, zərbələr vurulub. Amma etiraf etməliyik ki, həmin dövrdə gözəl ədəbi nümunələr də işıq üzü görüb, müəyyən mənada ədəbiyyatımız, mədəniyyətimiz inkişaf edib, yeni janrlar yaranıb. Bu kiçik monoqrafiyanı yazmaqda əsas məqsədim həmin dövrə obyektiv qiymət vermək, Azərbaycan ədəbiyyatının itirdiklərini və qazandıqlarını doğru-düzgün təhlil etmək olub”.