Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın yaxından iştirakıyla silsilə tədbirlər nəzərdə tutulub.
   Fevralın 23-də Türkiyənin İzmir Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı anma mərasimi təşkil olunacaq. Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin, Azərbaycanın İstanbuldakı konsulluğunun və İzmirdəki Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək mərasimdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat veriləcək.
   Türkiyə-Azərbaycan Dərnəyi (TAD) isə Ankarada Türk Strateji Araşdırmalar Mərkəzinin ofisində Xocalı soyqırımı haqqında yeni internet saytının təqdimatını keçirəcək. TAD-ın sədri Sinan Oğan bildirib ki, www.hocalisoykirimi.com saytında Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada yayılması üçün forumlar, “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzatoplama, təhlili məqalələr və yeniliklər yer alacaq.
   Xocalı soyqırımı ilə bağlı fevralın 25-də Türkiyə Böyük Millət Məclisində dinləmələr də keçiriləcək. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı parlamentdə çıxış edəcək, Xocalı qətliamından bəhs edən sərgi açılacaq. Soyqırımı ilə bağlı Türkiyənin “TRT-Avaz” telekanalı ilə Azərbaycanın İctimai Televiziyasının ortaq yayımı da planlaşdırılır.