“Festival unudulmaz hadisəyə çevriləcək”
   
    Martın 14-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub.
   
   Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, festivalın xarici qonaqları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
   Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbiri açaraq bildirib ki, iki il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda I Beynəlxalq Muğam Festivalı keçirilib. Beynəlxalq Muğam Mərkəzində uğurla keçirilən festival çox geniş əks-səda doğurub.
   Budəfəki festivalın da Novruz bayramı ərəfəsində keçirildiyini vurğulayan M.Əliyeva bunun heç də təsadüfi olmadığını bildirib: “Muğamla Novruzu birləşdirən bir çox amillər var. İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə yeniliyi birləşdirir. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir.
   Builki festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. Bu günlər ərzində siz yeni ifalarda klassik Azərbaycan muğamlarını dinləyəcəksiniz, muğam opera tamaşalarına baxacaqsınız, muğam əsasında yaradılmış simfonik əsərlərə qulaq asacaq, etno-caz kimi nadir bir fenomenlə tanış olacaqsınız. Bir sözlə, muğamsevərlər, muğama vurğun olan hər bir insan bu günlər ərzində qədim mədəniyyətin, təkrarsız musiqinin, dərin fəlsəfənin şahidi olacaq. Festivalımızda Azərbaycan xanəndələri ilə yanaşı, xarici müğənnilər də iştirak edirlər. Onlar həm öz ölkələrində, həm də dünyada çox məşhurdurlar. İnanıram ki, bizim festival onların ümidlərini doğruldacaq və unudulmaz bir hadisəyə çevriləcək”.
   Heydər Əliyev Fondunun hər il bir neçə musiqi festivalı təşkil etdiyini nəzərə çatdıran M.Əliyeva hər bir belə musiqi festivalının böyük bir bayrama çevrildiyini vurğulayıb: “Muğam aləmi” festivalı bu sırada layiqli yerini tutub və geniş auditoriyasını formalaşdırıb. Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20 il ərzində muğam sənətinin inkişafında, təbliğində çox davamlı dinamika müşahidə edilib.
   Son illər ölkəmizdə mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirilir, yeni mədəniyyət ocaqları, regionlarda yeni musiqi məktəbləri tikilir, muğam və mədəniyyət mərkəzləri açılır. Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur”.
   Sonda tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən M.Əliyeva festival iştirakçılarına uğurlar, muğamsevərlərə xoş anlar arzulayıb.