Böyük şair Səməd Vurğunun anadan olmasının 105 illiyi qeyd olunub. Bu münasibətlə ədibin yaxınları, vurğunşünaslar və məktəblilər Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. Səməd Vurğunun ev-muzeyinin və “Səməd Vurğun Fondu”nun təşkilatçılığı ilə keçirilən tədbirdə “Qazax” Xeyriyyə Cəmiyyətinin üzvləri, habelə tanınmış ədiblərdən Nəriman Həsənzadə, İlyas Tapdıq, Oqtay Rza və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər qeyd ediblər ki, Səməd Vurğun ədəbiyyatımıza yeni nəfəs gətirib. Elinə-obasına bağlı, dilimizin gözəl bilicisi olan şair hər zaman poeziyanın inkişafı üçün çalışıb.
   Yubiley çərçivəsində şairin doğulduğu Yuxarı Salahlı kəndində də Səməd Vurğunla bağlı anım mərasimi keçirilib. “Səməd Vurğun Poeziya Evi”ndə təşkil olunan tədbirdə məktəblilərin ifasında şairin şeirləri səsləndirilib, musiqi nömrələri ifa olunub.