Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-28-də İranda keçirilən II Beynəlxalq Novruz bayramı tədbirlərində iştirak edib. 
   
   Bayram tədbirlərinin keçirildiyi ərazidə yaradılmış "Novruz kəndi"ndəki "Azərbaycan evi"nə gələn Elçin Əfəndiyev Novruz süfrəsi, bayram xonçası, xalqımızın qədim milli geyimləri və rəngarəng əl işləri ilə tanış olub.
   İranın dövlət televiziyasının "Xəbərlər" proqramının müxbirinə müsahibə verən Baş nazirin müavini bayram münasibətilə İran xalqını təbrik edib, Novruzun milli ənənələrindən danışıb, xalqlarımıza sülh və əmin-amanlıq arzulayıb.
   Səfər çərçivəsində İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əfəndiyevi qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını İran prezidentinə çatdıran Baş nazirin müavini ölkəmizdə ən sevimli el bayramı olan Novruzun dövlət səviyyəsində qeyd olunduğunu xatırladıb.
   İranın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirən prezident Mahmud Əhmədinejad deyib ki, sülh, dostluq və qardaşlıq bayramı olan Novruz ənənələrinin qorunub saxlanılmasında, beynəlxalq aləmdə tanıdılmasında və təbliğində Azərbaycanın xidmətləri böyükdür. Prezident Mahmud Əhmədinejad bayram münasibətilə xalqımızı təbrik edərək, onun da ən səmimi salamlarını və təbriklərini Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
   Baş nazirin müavini E.Əfəndiyev İran Prezidentinin müavini, mədəni irs, əl sənayesi və turizm təşkilatının rəisi Həmid Bəqai ilə də görüşüb. Siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafında mədəniyyətin də mühüm rol oynadığını qeyd edən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə Novruz şənliklərinin yüksək səviyyədə keçirildiyini, bu tədbirlərdə xaricdən, o cümlədən İrandan minlərlə qonağın iştirak etdiyini bildirib.
   Azərbaycan Respublikasından gələn musiqi qrupu II Beynəlxalq Novruz bayramı tədbirlərində fəallıq göstərib, "Niyavəran" və "Vəhdət" saraylarında konsert proqramları ilə çıxış edib.