Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramı qurumun mənzil-iqamətgahında təntənəli şəkildə qeyd edilib. 
   
   Tədbir iştirakçılarını salamlayan UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin Novruzun qədim kökləri, təbiətlə əlaqəsi, sülhü, dözümlülüyü və həmrəyliyi əks etdirdiyini bildirib. Natiq Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını və 2010-cu ilin fevral ayında BMT Baş Məclisi tərəfindən “ Beynəlxlaq Novruz Günü” barədə qətnamə qəbul edildiyini diqqətə çatdırıb.
   Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Novruz bayramının heç bir coğrafi sərhəd tanımadığını, Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan, Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanstandan, İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunduğunu bildirib. Baş nazirin müavini “Novruz“ sözünün etimologiyasına toxunaraq onun əsas mənalarından birinin baharın, yazın ilk günü mənasını verdiyini, təbiətin, torpağın oyanışının məhz Novruza təsadüf etdiyini diqqətə çatdırıb. Elçin Əfəndiyev bildirib ki, budəfəki bayram bizim üçün bir də ona görə əlamətdardır ki, Novruz dünyanın mədəni beşiyi hesab olunan Parisdə yerləşən UNESCO kimi nüfuzlu bir təşkilatın binasında qeyd olunur.
   Baş nazirin müavini Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra Avropaya inteqrasiyaya xüsusi önəm verdiyini vurğulayıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və hazırda onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsas prioritetlərindən birinin məhz sivil dünyaya inteqrasiya təşkil etdiyini diqqətə çatdırıb.
   Sonra Azərbaycanın incəsənət ustaları Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistandan olan musiqiçilərlə birlikdə çıxış ediblər. Tamaşaçılar azərbaycanlı müğənni Gülyaz Məmmədovanın səsləndirdiyi xalq mahnılarını, R. Behbudov adına Dövlət Mahnı Teatrının rəqs qrupunun ifa etdiyi milli rəqsləri alqışlarıa qarşılayıblar.
   Bayram şənliyində Fransanın dövlət rəsmiləri, deputat və senatorlar, paytaxt ictimaiyyətinin nümayəndələri, UNESCO rəhbərliyinin təmsilçiləri, müxtəlif ölkələrin səfirləri, o cümlədən Azərbaycanın Fransadakı səfiri və səfirliyin əməkdaşları, Fransada yaşayan və çalışan Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşları, soydaşlarımız və tələbələrimiz iştirak ediblər.