Martın 21-də BMT-nin mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasbətilə rəsmi mərasim keçirilib. Tədbir Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Beynəlxalq Novruz Gününün qeyd olunması barədə ötən il qəbul etdiyi qətnaməyə əsasən təşkil olunub. Mərasimdə qətnamənin Azərbaycan başda olmaqla həmmüəllifəri - Albaniya, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistanın, habelə bütün üzv ölkələrin BMT yanında daimi nümayəndəliklərinin diplomatları, ABŞ-dakı çoxsaylı diaspor təmsilçiləri iştirak ediblər.
   BMT Baş Assambleyasının 65-ci sessiyasına sədrlik edən Cozef Deyz mərasimi açdıqdan sonra BMT Baş katibinin müraciəti oxunub. Tacikistanın mədəniyyət naziri, Albaniya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndələri çıxış ediblər.
   Azərbaycanın BMT yanında Daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Novruz bayramının ölkəmizdə geniş qeyd edilməsinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qədim tarixə malik olduğunu bildirib. Səfir Novruz adət-ənənələrinin müxtəlif təbii, sosial və digər qaydalarla həmahəngliliyi barəsində məlumat verib, Beynəlxalq Novruz Gününün mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verəcəyini vurğulayıb.
   Novruz bayramının BMT çərçivəsində qeyd olunmasının davamı kimi TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan, Qazaxstan və Türkiyədən olan mədəniyyət xadimlərinin iştirakı ilə martın 24-də BMT-nin mənzil-qərargahında, martın 26-da isə Nyu -Yorkun Toun Hall zalında geniş konsert verilib.
   Konsertdə Azərbaycanın incəsənət ustaları Gülyanaq Məmmədova, Ehtiram Hüseynov, Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış ediblər. Konsertdə Azərbaycanla yanaşı Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Xakasiya və Tuva (Rusiya Federasiyası), Qaqauz (Moldova) və Krımdan (Ukrayna) incəsənət ustaları da çıxış ediblər.
   Qeyd edək ki, Amerikadakı Novruz tədbirlərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.