Azərbaycan Turizm İnstitutunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan institutun kafedra müdiri, tarix elmləri namizədi İbrahim Əliyev 31 martın xalqımızın tarixi taleyinə qanla yazılmış səhifələrdən biri olduğunu toplaşanlara xatırladıb. Tədbirdə çıxış edənlər - tarixçi alimlər Məhərrəm Zülfüqarlı, Araz Ağalarzadə, Dmitri Kiriçenko Azərbaycan ərazisindəki toplu məzarlıqlar barədə məlumat veriblər.
   Azərbaycan Turizm İnstitutunun tələbələri həmin gün Sabir adına bağda institutun professoru, tarix elmləri doktoru Kərim Şükürovun təşəbbüsü və təşkilatçılığı ilə “1918-ci il 31 mart soyqırımı marşrutları” mövzusunda açıq dərsin iştirakçısı olublar. Ənənəvi tədbir və yığıncaqlardan fərqli olaraq 93 il əvvəl milli qırğının törədildiyi ərazidə anım mərasiminə toplaşan tələbələr bir saat ərzində 1918-ci ilin martında baş verən milli qırğın, XX əsrin 18-ci ilində mənəvi sərvətimizin ermənilər tərəfindən oda qalanması barədə ətraflı məlumatlandırılıblar.
   
   Fəxriyyə