Martın 30-da C. Cabbarlının ev-muzeyində “Mart soyqırımı” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin baş elmi işçisi, dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı 1918-ci ilin martın son günlərində Bakı şəhərində, eləcə də sonrakı günlərdə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışdı. Qeyd etdi ki, minlərlə azərbaycanlının qətlə yetirildiyi bu hadisələrin acı olayları Cəfər Cabbarlı yaradıcılığında da əksini tapıb.
   Daha sonra çıxış edən Cəfər Cabbarlı yaradıcılığının tədqiqatçısı filologiya elmləri namizədi Asif Rüstəmli həmin dövrün araşdırmalarında Cəfər Cabbarlının yaradıcılığında “Dur, ey xar olan millət” adlı şeirin xüsusi yer tutduğunu vurğuladı: “Cəfər Cabbarlı yaradıcılığında soyqırımı tarixi qırmızı xətt kimi keçir. Xalqın başına gətirilən bu vəhşiliklər onun bəzi hekayə və pyeslərində əksini tapıb”.
   Tədbirdə Ağamusa Nağıyevin nəvəsi, "Milli dəyərlərin qorunması" İctimai Birliyin sədri Dilarə Nağıyeva, filologiya elmləri doktoru İfrat Əliyeva, şairə Nurəngiz Gün və başqaları çıxış edərək 31 mart soyqırımında şəhid olanları yad etdilər. 

  Yeganə