Azərbaycan Dövlət İstiqlal Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə Şəmsi çıxışında 1918-ci ilin martında baş verən faciənin tarixinə nəzər saldı. 
      
   Bildirdi ki, bu tarixi qan yaddaşımızı unutmamalıyıq: “Konfransın keçirilməsində də məqsəd soyqırımı həqiqətlərini gənc nəslə çatdırmaqdır”. Mart soyqırımına uzun illər siyasi qiymət verilmədiyini xatırladan F.Şəmsi prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla hər il 31 mart tarixinin qeyd olunduğunu vurğuladı.
   Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərli mart soyqırımının tarixi həqiqətlərindən söhbət açdı. Qeyd olundu ki, 1918-ci il martın 30-dan aprelin 2-dək ermənilərin Bakıda həyata keçirdikləri kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çoxlu sayda qoca, qadın və uşaq öldürülüb. Mart soyqırımı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib.
   Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədova mart soyqırımının heç zaman unudulmayacaq faciə olduğunu nəzərə çatdırdı. Alim bu faciə ilə bağlı yeni araşdırmaların, tədqiqatların aparılmasının zəruriliyini, tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması üçün son illər böyük işlər görüldüyünü bildirdi.
   Azərbaycan Milli Elmlər Akademiyasının Şərqsünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Süleyman Əliyarlı və başqaları tarixi faktlara, rəsmi arxiv sənədlərinə istinad edərək ermənilərin məqsədli soyqırımı siyasətindən, onun nəticələrindən danışdılar.
   Tədbirdə 31 mart soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu. Konfransda Prezident Qvardiyasının əsgərləri, Ali Hərbi Dənizçilik məktəbinin kursantları, Heydər Əliyev adına Hərbi məktəbin kursantları və digər ali təhsil ocaqlarının tələbələri iştirak edirdilər.
   
   Ceyhun