“Avropa Şurası ölkələr arasında mədəni əlaqələrin, mədəniyyətlərarası dialoqun inkişafında maraqlıdır. Ona görə də biz Azərbaycanın ev sahibliyi ilə keçirilən bu tədbiri çox yüksək qiymətləndiririk. Forum Qərblə Şərq arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqelərinin möhkəmlənməsinə çox böyük təsir göstərəcək”. Bu sözləri Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bildirib.
   AŞPA sədri aprelin 11-də Strasburqda qurumun yaz sessiyasından əvvəl keçirdiyi ənənəvi mətbuat konfransında da Bakı Forumunun əhəmiyyətindən bəhs edib: “Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkə üçün çox böyük uğurdur. Azərbaycan hakimiyyətini ölkədə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycan üçün böyük bir uğurdur. Mədəniyyətlərin dialoqu mövzusu bizim üçün də prioritet məsələlərdən biridir. Buna görə mən Bakı Forumunda iştirak etməyə qərar verdim. Toplantı həm təşkilati, həm də iştirakçılar baxımından yüksək səviyyədə keçdi”.