Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq aləmdə sülh və əməkdaşlığa böyük töhfəsidir
   
   Aprelin 7-9-da Azərbaycan beynəlxalq miqyaslı mötəbər tədbirə - Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Dünyada ilk dəfə olaraq mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş belə böyük miqyaslı tədbirin Bakıda keçirilməsi son bir neçə ildə ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslərin məntiqi davamı oldu. 
      
   Mədəniyyətlərarası dialoqa həsr olunan Dünya Forumu barədə təşəbbüs 2008-ci ilin dekabrında Avropa və region ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə Bakıda keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdü.
   “Bakı Prosesi” adlı təşəbbüs Azərbaycan rəhbərliyinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa verdiyi önəmin bariz nümunəsidir. Sonrakı dövrdə Foruma hazırlıqla bağlı geniş və gərgin iş aparıldı, dünyanın nüfuzlu təşkilatları - UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi “Bakı Prosesi”nə cəlb olundu, beynəlxalq işçi qrupları səviyyəsində görüş və müzakirələr keçirildi.
   Nəhayət, bütün hazırlıqlar tamamlandı və dünyanın beş qitəsindən, 80-dək ölkəsindən 450-dən artıq nümayəndənin iştirakı ilə Bakı Forumu gerçəkləşdi. Forum günlərində keçirilən toplantılar, sessiya və seminarlar, rəsmi görüşlər, təqdimatlar Azərbaycan paytaxtını sözün həqiqi mənasında dünyada mədəniyyətlərarası dialoqun mərkəzinə çevirmişdi. Təsadüfi deyil ki, prezident İlham Əliyev Dünya Forumunun açılışındakı çıxışında bu fikri xüsusi vurğuladı. Azərbaycan prezidentinin çıxışı Forum iştirakçıları arasında geniş rezonans doğuraraq ölkəmizin beynəlxalq aləmdə dialoqa, sülh və əməkdaşlığa necə böyük diqqət ayırdığını göstərdi.
   “Gülüstan” sarayında keçirilən Forumun “Sərhədsiz dünyaya doğru” adlı açılış sessiyasında çıxış edən prezident İlham Əliyev bu beynəlxalq toplantının Bakıda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini dedi. Prezident Forumun müsbət nəticələrinin olacağına və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirdi. 2011-ci ilin payızında Azərbaycanda Birinci Beynəlxalq Humanitar Forumun keçiriləcəyini deyən prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz belə tədbirlərin reallaşması üçün ənənəvi məkana çevrilib: “Bu tədbirlər onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır, bizi daha da birləşdirir. Bizim niyyətimiz bundan ibarətdir”.
   Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələrinin tarixən bir ailə kimi yaşadıqlarını diqqətə çatdıran prezident qeyd etdi ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb: “Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyllər daha da güclənir”.
   Dövlət başçısı 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edildiyini xatırladaraq, 2018-ci ildə bu şərəfli ada Azərbaycanın qədim şəhəri olan Naxçıvanın layiq görüldüyünü bildirdi. Prezident ölkəmizin Qərb dünyasına bağlılığından da danışdı. Diqqətə çatdırdı ki, müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranıb. Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə Azərbaycanda təmin edilib. İlk opera bizim ölkədə səhnəyə qoyulub. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Konfransı Təşkilatının üzvüdür və təsadüfi deyil ki, məhz Azərbaycan mədəniyyətlərarası dialoqun keçirilməsi üçün mərkəzə çevrilib. Prezident Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirdi.
   Azərbaycanın 20 ildir ki, müstəqil yaşadığını, ölkəmizdə quruculuq prosesinin, siyasi-iqtisadi islahatların uğurla aparıldığını deyən dövlət başçısı milli və dini müxtəlifliyin ölkəmizi gücləndirdiyini vurğuladı: “Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür”.
   Sonda prezident Forumun işinə uğurlar arzuladı.