Prezident İlham Əliyev aprelin 6-da Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlmiş yüksək səviyyəli qonaqları qəbul edib. Dövlət başçısının Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron, UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşlərində Bakı Forumunun əhəmiyyəti qeyd olunub, bu tədbirin beynəlxalq aləmdə mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dialoqa yeni zəmin olacağı vurğulanıb.
   Aprelin 7-də Forumda iştirak etmək üçün “Gülüstan” sarayına gələn Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva beynəlxalq tədbirdə iştirak edən xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşüb, qısa fikir mübadiləsi aparıb.