Forumun açılışında çıxış edən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bildirdi ki, Bakının belə mötəbər toplantıya ev sahibliyi etməsi, toplantıda prezident İlham Əliyevin iştirakı Azərbaycanın mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirir. AŞPA sədri mədəniyyətlərarası dialoq sahəsində bu tədbirin böyük əhəmiyyəti olduğunu qeyd etdi: “Uğura aparan yol müxtəlifliyə əsaslanan birlikdir. Yalnız ümumi dəyərlər əsasında irəliyə doğru addımlar atılmalıdır”.
   İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Forumun yüksək səviyyədə təşkilinə və Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələrə görə prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, mədəniyyətlərarası dialoq bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biridir: “Bu formatda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır”.
   UNESCO-nun baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D’Orvil qurumun rəhbəri İrina Bokovanın tədbir iştirakçılarına təbrik məktubunu oxudu. Qeyd etdi ki, Dünya Forumunun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır. Hans D’Orvil mədəniyyətlərarası dialoqun UNESCO-nun fəaliyyətinin də əsasını təşkil etdiyini bildirdi. Qeyd etdi ki, mədəniyyətlərarası dialoq universal xarakter daşıdığına görə bu proses həm də sülhün, mədəni anlaşmanın, yoxsulluğun aradan qaldırılmasının hərəkətverici amilidir.
   BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuver belə toplantıların ədalətli və bərabər cəmiyyətlərin qurulması təcrübəsini təşviq etdiyini nəzərə çatdırdı. Bu baxımdan Bakının artıq mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini diqqətə çatdıran qonaq, buna görə Azərbaycan prezidentinə təşəkkürünü bildirdi.
   Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron Dünya Forumunun məhz Azərbaycanda keçirilməsindən məmnun olduğunu vurğuladı. Qonaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun inkişafındakı xidmətlərini qeyd etdi. Bildirdi ki, bu sahədə fəal rol oynayan Azərbaycanın səylərinə dəstək vermək lazımdır.