“Cari ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir sıra beynəlxalq layihələr həyata keçiriləcək. Bunlardan biri Milli Dram Teatrı ilə K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı arasındakı birgə əməkdaşlıq layihəsidir”. Bu sözləri Milli Dram Teatrının direktoru İsrafil İsrafilov gürcü teatrının Bakıya qastrol səfərinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı dedi.
   Qeyd edək ki, gürcü teatrı mayın 19-20-də Milli Dram Teatrında “Moruq” və “Piqmalion” tamaşaları ilə çıxış edib.
   Mayın 30-31-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstana qastrol səfərinə gedəcək. Birgə layihələrin reallaşdırılması, həmçinin Gürcüstan teatrının bədii rəhbəri Levan Tsuladzenin Bakıda, Xalq artisti, professor Azər Paşa Nemətin Tbilisi teatrında tamaşa hazırlaması planlaşdırılır.
   Mətbuat konfransında Milli Dram Teatrının beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyətindən də söz açıldı. Bildirildi ki, TÜRKSOY ölkələri teatr rəhbərlərinin bu günlərdə Türkiyənin Antalya şəhərində keçirilmiş toplantısında bu quruma üzv ölkələrin Dövlət Teatrları Direktorları Şurasının yaradılması haqqında qərar qəbul edilib. Şuranın ilk sədri vəzifəsinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov seçilib.
   Tədbirdə K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş müdiri Yekaterina Mazmişvili Azərbaycan teatrı haqqında ilkin təəssüratını bildirdi, jurnalistlərin suallarını cavablandırdı.