İki ölkənin yazıçı və şairlərinin əsərlərinin yeni nəşrləri nəzərdə tutulur
   
   Avqustun 29-da Gürcüstanın Batumi şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda “dəyirmi masa” keçirilib.
   
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “dəyirmi masa”da çıxış edərək deyib ki, xeyirxah niyyətlə keçirilən bu cür tədbirlər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı, mövcud problemlərin aradan qaldırılması işində Azərbaycan və Gürcüstan hökumətlərinə kömək etmək məqsədi daşıyır. Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan dövlətinin başçısı Mixeil Saakaşvilinin yürütdüyü siyasət dünya standartlarına müvafiq şəkildə reallaşdırılmaqla yanaşı, yerli şərtləri, xalqların, milli və dini azlıqların maraqlarının təmin olunmasını da nəzərdə tutur.
   “Dəyirmi masa”da çıxış edən Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterina Txeşeloşvili vurğulayıb ki, rəsmi Tbilisi ölkədə etnik azlıqların hüquqlarının fəal şəkildə qorunmasında maraqlıdır.
   Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə ölkələrimizin strateji tərəfdaşlığından danışaraq bölgədə qlobal layihələrin məhz bu tərəfdaşlığın sayəsində həyata keçirildiyini bildirib. Diplomat mədəniyyət sahəsində də əməkdaşlığın nəzərəçarpacaq nəticələri olduğunu qeyd edib. O, Azərbaycanın bir neçə teatrının Gürcüstanda tamaşalar qoyduğunu, Gürcüstan və Azərbaycan yazıçı və şairlərinin əsərlərinin hər iki milli dildə nəşr edilməsi sahəsində iş aparıldığını diqqətə çatdırıb.
   Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb, təhsil sahəsindəki islahatların, gürcü dili kurslarının təşkilinin bu məqsədə çatmaq üçün yaxşı zəmin yaratdığını bildirib. “Tolerans” qeyri-hökumət təşkilatının sədri Elbrus Məmmədov Gürcüstanın Marneuli və Bolnisi rayonlarında müvafiq olaraq 18 və 38 yaşayış məntəqəsinin tarixi adlarının bərpa olunmasını qeyd edib. O, ümidvar olduğunu bildirib ki, Gürcüstan hökuməti Azərbaycan dini və tarixi abidələrinin mühafizəsini öz üzərinə götürəcək və onları Gürcüstanın mədəni irsi kimi tanıyacaq.
   Sonda “dəyirmi masa” iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə və Gürcüstan prezidenti Mixeil Saakaşviliyə müraciət, həmçinin tədbirin yekunlarına dair Bəyanat qəbul edilib.