Zaqatalada Avropa Şurasının “Kiyev təşəbbüsü regional proqramı” çərçivəsində seminar-treninq keçirilir
Sentyabrın 6-da Zaqatala şəhərində Avropa Şurasının “Kiyev təşəbbüsü regional proqramı” çərçivəsində reallaşdırılan “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin ikinci seminar-treninqi başlayıb.
Ayın 9-dək davam edəcək tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan 10 rayonun mədəni irs və şəhərsalma sahəsində çalışan mütəxəssisləri, habelə Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun fransalı eksperti Bernardo Buzo iştirak edirlər.
Sentyabrın 7-də “Qafqaz” hotelinin konfrans zalında seminar-treninqin ikinci mərhələsinin təqdimat mərasimi olub.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini, layihənin Zaqatala rayonu üzrə işçi qrupunun rəhbəri Zümrüd Ağakişiyeva açıb. Seminar-treninqin də bu il iyunun əvvəllərində Zaqatalada keçirildiyini xatırladan icra başçısının müavini bunun təsadüfi olmadığını, rayonun tarixi abidələrlə zəngin bir diyar olduğunu qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev Avropa Şurası tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi barədə danışıb. Qeyd olunub ki, layihə milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin, onların ətraf mühitinin abidələr və ərazinin yenidən qurulması və təkrar işlənməsi vasitəsilə canlandırılması, davamlı sosial-iqtisadi inkişaf üçün strateji inkişaf planının həyata keçirilməsinə yardım etmək məqsədi daşıyır. Nazirlik təmsilçisi bildirib ki, layihədə Azərbaycan tərəfindən təmsil olunan rayonlar məhz tarixi və mədəniyyət abidələrinin çoxluğu və turistlərin bu bölgələrə marağı ilə digərlərindən seçilir.
Tədbirdə Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun eksperti Bernardo Buzo layihənin məqsədi, mərhələləri, ilkin mərhələnin icrası ilə bağlı görülmüş işlər və digər məsələlər barədə ətraflı məlumat verib.
Seminarın gündəliyinə uyğun olaraq, sentyabrın 7-də Zaqatala rayonu üzrə hazırlanmış ilkin texniki faylın təkmilləşdirilmiş variantının təqdimatı olub, “Şəhər istinad planı” və onun mərhələləri barədə məlumat verilib, müzakirələr aparılıb.
Sentyabrın 8-də seminarın iştirakçıları üçün “Şəhər istinad planı”nın işlənilmə qaydası, layihədə iştirak edən şəhərlər tərəfindən hazırlanmalı olan sənədlər, onların forma və məzmunları, Zaqatala rayonu üzrə hazırlanmış ilkin texniki fayl üzərində “Şəhər istinad planı”nın 12 təhlilinin aparılması üzrə treninqlər keçirilib.
Sentyabrın 9-da Zaqatala rayonu üçün yekun sənədin layihəsinin işlənilməsi, hər şəhər üzrə texniki məsələlərin yekunu ilə bağlı təlimlər keçiriləcək, müzakirələr aparılacaq.