Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Qazaxıstanın paytaxtı Astanada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 29-cu iclası keçirilib. İclasda Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
   Şuranın iclasında TÜRKSOY-a üzv dövlətlərin və müşahidəçi statusu olan subyektlərin mədəniyyət nazirləri və ya müavinləri, həmçinin qurumun baş katibi Düsen Kaseinov iştirak edib.
   İclasda Düsen Kaseinov yenidən 2011-2014-cü illər üçün TÜRKSOY-un baş katibi seçilib, Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günay qurumun müvəqqəti əlaqələndiricisi təyin olunub.
   Şuranın iclasında bu ölkələr arasında mədəni-humanitar sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi, Astana şəhərinin 2012-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunması çərçivəsində keçiriləcək tədbirlər, türkdilli ölkələrin dövlət müstəqilliklərinin 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər, növbəti ildə TÜRKSOY-un fəaliyyət proqramı və Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu iclasına hazırlıq və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
   İclasda, həmçinin 2012-ci ilin görkəmli xakas şərqşünası və türkoloqu Nikolay Katanovun anadan olmasının 150 illik yubileyi ilə bağlı “Katanov ili” elan olunması barədə qərar qəbul olunub.