Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz və milli-mənəvi dəyərlərimiz” adlı “dəyirmi masa” keçirilib.
   Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hidayət Orucov müstəqil Azərbaycanın inkişafının əsas mərhələləri üzərində dayanaraq qeyd edib ki, Ermənistanın hərbi təcavüzünə və bizim torpaqları işğal etməsinə baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb, sürətli iqtisadi inkişafa nail olub. H.Orucov vurğulayıb ki, müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi sahədə uğurlarla yanaşı, vicdan və dini etiqad azadlığı təmin edilib. Dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmiş ölkəmizin tolerantlığı dünya dövlətləri üçün nümunə olub.
   Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Eldar Mikayılov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr, Bakı dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, digər dini icmaların rəhbərləri qeyd ediblər ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapıb. Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir. Bildirilib ki, Azərbaycan dövləti vətəndaşların mənəvi seçiminə hörmətlə yanaşır, lakin hər hansı ekstremizm, dözümsüzlük təbliği cəhdlərinin qarşısı qətiyyətlə alınıb və bundan sonra da alınacaq, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə imkan verilməyəcək.