Əbülfəs Qarayev
   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
   
   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası milli mədəniyyətimizin gərəkli və ayrılmaz tərkib hissəsi olan kitab sənətinin inkişafında, Azərbaycan kitabının beynəlxalq aləmdə təbliği və tanıdılmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə nəşriyyat və poliqrafiya sahəsinin bugünkü inkişaf səviyyəsinin bariz göstəricisidir.
   
   Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə edərək bazar iqtisadiyyatına keçdikdən sonra bu sahə bir çox çətinliklərlə üzləşmişdir. Sovet dövründən qalma nəşriyyat sistemi dağılmış, planlı dövlət nəşriyyatları tədricən sıradan çıxmışdı. Yeni yaranan özəl müəssisələr isə maddi sıxıntılar ucbatından istənilən səviyyədə fəaliyyət göstərə bilmirdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra dövlətin qayğısı sayəsində nəşriyyat və poliqrafiya sahəsi öz mövcudluğunu qoruya bilmiş, naşirlərin, poliqrafçıların birgə səyləri müasir kompyuter texnologiyasının, dünyanın qabaqcıl nəşriyyat, poliqrafiya təcrübəsinin mənimsənilməsi nəticəsində dirçəlməyə başlamışdır.
   2000-ci ildə Azərbaycanda bu sahənin inkişafını tənzimləyən olduqca dəyərli bir sənəd - “Nəşriyyat işi haqqında” qanun qəbul edilmişdir. Öz hüquqi xarakterinə görə, qanun müstəqil dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişafına əsaslanır. Burada nəşriyyat işinin başlıca anlayışları, sahədə dövlət siyasətinin əsas prinsipləri, dövlətin vəzifələri, nəşriyyat işinin sərbəstliyi, fəaliyyətin təşkilati-hüquqi formaları, nəşriyyat və poliqrafiya müəssisəsinin hüquq və vəzifələri öz əksini tapmışdır.
   Müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən güclənməsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət, ölkəmizin beynəlxalq arenada nüfuzunun günbəgün artması sosial-mədəni həyatın bütün sahələrində olduğu kimi nəşriyyat-poliqrafiya işi, kitab nəşri sahəsində də böyük uğurlar əldə etməyə münbit şərait yaratmışdır. Azərbaycanın ən müasir avadanlıqlarla təchiz olunmuş nəşriyyat-poliqrafiya müəssisələri indi dizayn, tərtibat, poliqrafik icra baxımından ən yüksək standartlara uyğun kitablar nəşr edə bilirlər.
   Fərəhli haldır ki, bu gün müstəqil Azərbaycan dövlətində nəşriyyat işində sürətli inkişaf prosesi başlanmışdır. Peşəkar nəşriyyat redaksiyaları, poliqrafiya müəssisələri müasir tələbata cavab verən nəşr layihələrini uğurla həyata keçirirlər.
   Mədəniyyət və Turizm Nazirliyi də yarandığı gündən nəşriyyat və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində inkişafı, əhalinin zəruri çap məhsullarına olan ehtiyaclarının ödənilməsinin təmin edilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
   Bu istiqamətlərdən biri nazirliyin vəsaiti hesabına zəruri nəşr layihələrinin hazırlanmasıdır. İndiyədək nazirliyin vəsaiti hesabına təxminən 200 addan çox kitab kütləvi tirajla buraxılmış və ölkə kitabxanalarına paylanmışdır.
   Bu kitablar Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin müxtəlif sahələrini əhatə edir.
   Nazirliyin həyata keçirdiyi digər bir istiqamət ölkədə nəşriyyat işinin inkişafını tənzimləyən müvafiq hüquqi normativ sənədlərin və proqramların hazırlanması, həyata keçirilməsi və tətbiqi ilə bağlı olmuşdur.
   İlk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008 - 2012-ci illəri əhatə edən xüsusi Fəaliyyət Proqramı yaradılmışdır.
   Proqramda nəşriyyat işi və kitab sənətinin təşviqi, Azərbaycan kitabının beynəlxalq səviyyədə təbliği məqsədilə ölkədə müxtəlif səviyyəli (yerli və beynəlxalq) kitab-sərgi yarmarkaların təşkili və xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında, kitab nəşri, kitab yayımı ilə bağlı beynəlxalq konfranslarda, seminar və digər tədbirlərdə Azərbaycan kitabının və nəşriyyat-poliqrafiya müəssisələrinin iştirakının təmin edilməsi xüsusi qeyd olunmuşdur.
   Azərbaycan kitabları 2004-cü ildən başlayaraq hər il Rusiyanın paytaxtı - Moskva şəhərində keçirilən MDB ölkələrinin Beynəlxalq «Kitab Sənəti” Müsabiqəsində ardıcıl olaraq iştirak etmiş, hər dəfə müxtəlif nominasiyalar üzrə I, II və III dərəcəli mükafatlardan birinə və yaxud eyni ildə bir neçəsinə layiq görülmüş, 2010-cu ildə bir kitabımız müsabiqənin Qran-Pri mükafatını qazanmışdır.
   2006-cı ildən isə Azərbaycan kitabı İsgəndəriyyə (Misir), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Əbu-Dabi (BƏƏ), Saloniki (Yunanıstan), Moskva (Rusiya), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) şəhərlərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında uğurla nümayiş etdirilmiş, sərgilərimiz ziyarətçilərinin böyük marağına səbəb olmuşdur. Ümumiyyətlə son beş ildə Azərbaycan kitabı 20 beynəlxalq sərgidə təmsil olunmuşdur.
   Azərbaycanda beynəlxalq kitab sərgisinin təşkili sahəsində ilk addım 2006-cı ildə atılmışdır. O dövrdə Azərbaycanda qeyd olunan “Rusiya ili“ çərçivəsində Bakıda I Beynəlxalq Rus Kitabı Festivalı keçirilmişdir. Festivala dünyanın bir çox ölkəsindən 150-yə yaxın rus dilində yazıb-yaradan tanınmış yazıçı, şair və naşir, 40-a yaxın mötəbər qonaq qatılmış, Azərbaycanın yaradıcı ziyalıları təmsil olunmuşlar.
   Bu sahədə ən uğurlu nəticəmiz 10-12 sentyabr 2009-cu il tarixlərində Muzey Mərkəzində Azərbaycanda ilk dəfə olaraq I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkil edilməsi olmuşdur. Həm mətbuatda, həm də kitabsevərlər arasında böyük marağa səbəb olan bu sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdir. Bütövlükdə 90-dan artıq qurumun təmsil olunduğu bu tədbir çərçivəsində keçirilən təqdimat mərasimləri və görüşlər də iştirakçıların diqqətini çəkmiş, mətbuatda geniş işıqlandırılmışdır.
   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan II Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında siz son üç ildə ölkəmizdə və dünyanın müxtəlif ölkələrində nəşr edilən kitablar və digər nəşr məhsulları ilə tanış olacaq, zövqünüzə və seçiminizə uyğun kitabları əldə edə biləcəksiniz. Sərgi-yarmarkada ölkəmizi 100-dən çox nəşriyyat və poliqrafiya müəssisəsi təmsil edir. Eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Türkmənistan, Özbəkistan, Qırğızıstan kimi bir çox xarici ölkələrin 20-dən çox nəşriyyatı öz nəşr məhsullarını sizlərə təqdim edəcəkdir.
   Siz eyni zamanda Sərgi-Yarmarkada respublikamızda və digər ölkələrdə kitab nəşri sahəsində baş verən yeniliklərlə tanış olmaq, dəyərli kitabları əldə etməklə yanaşı sərgi çərçivəsində müxtəlif təqdimatların, “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfransın, müstəqilliyimizin iyirmi illiyinə həsr olunmuş dəyirmi masanın, yaşlı və gənc nəsildən olan müəlliflərlə görüşlərin və imza mərasimlərinin, görkəmli Ukrayna şairi Taras Şevçenkoya və türk dünyasının unudulmaz söz ustası Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii kompozisiyaların da iştirakçısı olacaqsınız.