“Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov: «Beynəlxalq kitab sərgi-yarmarkası ölkəmizin dünyaya təqdimatıdır»
   
   - Müasir dövrdə kitab həm də hər bir xalqın mədəni irsini, tarixini, inkişaf səviyyəsini beynəlxalq arenaya çıxaran, tanıdan, təbliğ edən mühüm vasitədir. Hər bir xalq onun içində yetişən yazıçının, alimin yazdığı əsərlə tanına bilər. Eyni zamanda bu əsəri dünyaya yüksək kitab mədəniyyətinə uyğun səviyyədə, nəfis, diqqətçəkən tərtibatlı nəşrlə tanıtmaq gərəkdir. «Təhsil» nəşriyyatı indiyədək Azərbaycanı, onun mədəniyyətini, tarixi həqiqətlərini dünyaya təbliğ edən kitabların məzmun və tərtibatına görə beynəlxalq müsabiqələrdə öncül yerlərə layiq görülüb.
   2010-cu il isə Azərbaycanın nəşriyyat tarixində çox önəmli bir hadisə ilə yadda qaldı. Şair Çingiz Əlioğlunun «Təhsil» nəşriyyatı tərəfindən çap edilən «Çərçivə» kitabı Moskvada MDB ölkələrinin VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin baş mükafatına - Qran priyə layiq görüldü. Bu, təkcə «Təhsil» nəşriyyatının deyil, ölkəmizin uğuru idi.
   Azərbaycan bütün sahələr üzrə böyük inkişafa nail olub. Bu inkişaf tempi nəşriyyat sahəsinə də aiddir. Nəşriyyatlar inkişaf edir, müasir tipli poliqrafiya bazaları yaranır. Beynəlxalq səviyyədə qazandığımız uğurlar işimizə də müsbət təkan verir. Biz gərək daha yüksək səviyyədə Azərbaycan kitabını sevdirə, Azərbaycan mədəniyyətini tanıdaq. Çünki bu, Azərbaycanın dünyaya təqdimatıdır.