Sentyabrın 28-də II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təmir olunan mədəniyyət ocaqlarından bəhs edən “Heydər Əliyev Sarayı”, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan Dövlət Rus Dram Teatrı” kitablarının təqdimatı keçirildi.
   
   “Yeniləşən mədəniyyət - yeniləşən məkanlar” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmiş kitablar Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub.
   Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli təqdim olunan beş kitabın adıçəkilən sənət məkanlarının kütləvi nümayişi baxımından böyük əhəmiyyət daşıdığını bildirdi.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabları ölkədə görülən irimiqyaslı mədəniyyət layihələrinə, aparılan yenidənqurma işlərinə töhfə kimi dəyərləndirdi. «Təhsil» nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan çıxmış nəşrlərin ölkəmizdə mədəniyyətin inkişafı, mədəni irsimizin öyrənilməsi, ən müasir səviyyədə yenidən qurulmuş mədəniyyət ocaqlarının təqdimatı baxımından yüksək əhəmiyyət daşıdığını dedi: «Bu nəşrlərin hər birində yeni, müasir formada təmir edilmiş mədəniyyət ocaqlarımız, onların dünəni və bugünkü vəziyyəti haqqında geniş məlumatlar yer alır. Burada həmçinin həyatlarını bu məbədlərdə keçirən ölməz sənətkarlarımız, onların Azərbaycan səhnəsindəki yaddaşlardan silinməyən bənzərsiz ifaları barədə dolğun məlumatlar var. Bu cür silsilə kitabların təqdimatı son dörd ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilən yenidənqurma işlərinin bir hissəsidir. Hamımızın gözü qarşısında baş verən bu böyük dəyişikliklər və onların gözəl, ürəkaçan nəticələri ümumilikdə dövlətin xalqa, onun böyük mədəniyyətinə, incəsənətinə, sənət və sənətkarlarına qayğı və diqqətinin təzahürüdür. Qeyd edim ki, növbəti nəşr Akademik Milli Dram Teatrına həsr olunacaq. Bu iş davam edəcək. Azərbaycanda hansı teatr, kino, mədəniyyət məkanı yeniləşəcəksə, onun müqayisəli təhlilini bu şəkildə mütləq etməliyik. Bu nəşrlərin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm».
   Azərbaycanda dövlət səviyyəsində mədəniyyətə və mədəniyyət adamlarına diqqət göstərildiyini deyən teatrşünas, professor Məryəm Əlizadənin sözlərinə görə, bu beş kitab vasitəsilə oxucular mədəniyyət ocaqlarımızın bərpasının hər bir anını görə biləcəklərini dedi: «Kitabı vərəqlədikcə sanki həmin məkana daxil olursan. Kitabın müəllifi, həmkarım İlham Rəhimli bu sənətin ustadıdır. Kitabı oxuduqca məni doğrudan da fərəh hissi bürüdü. Sevindirici haldır ki, sənət ocaqlarımız, teatrlarımız bu gün yaxşı vəziyyətdədir. Və bu gözəlliklər oxuculara yeni kitablar vasitəsilə çatdırılır».
   Kitabın müəllifi, filologiya elmləri doktoru, professor İlham Rəhimli son illər mədəniyyətlə bağlı görülən işlər, imzalanan fərman və sərəncamlar barədə danışaraq onları xalqın sənətinə ehtiramının nümayişi adlandırdı: «Bu fərəh duyulası, qürur duyulası hadisədir. Bu millətin mənəvi saflığına çıraq tutmaq kimi möhtəşəm bir işdir. Bu, cənab prezidentin, ölkə həyatının digər sahələrlə yanaşı, mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Bu nəşrlərlə bağlı layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə, xüsusilə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Çünki bu təkcə mənim yox, onlarla insanın gərgin əməyinin nəticəsidir. Onu da deyim ki, bu layihə beş kitabdan ibarət deyil. Beş burada sadəcə rəmzi məna daşıyır. Belə kitabların sayı çox olacaq. Növbəti kitablar Akademik Milli Dram, Musiqili Komediya, Opera və Balet, Mingəçevir teatrlarına həsr olunacaq”.
   «Təhsil» nəşriyyatının direktoru Bəhruz Axundov isə qısa zamanda ərsəyə gələn bu kitablar vasitəsilə gələcək nəsillərin maddi mənəvi sərvətlərimiz və onları yaşadan insanlar haqqında tam və dolğun məlumat əldə edəcəklərini diqqətə çatdırdı.
   
   Həmidə