“Biz qarşılıqlı mədəni tədbirlərin təşkilində maraqlıyıq. Bu, iki qonşu ölkə üçün vacib addımdır”
   
   Xəbər verdiyimiz kimi, Azərbaycanda İran mədəniyyəti günləri keçirilir. Tədbirlə bağlı İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi heyət ölkəmizə səfərə gəlib.
   
   Oktyabrın 3-də prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edilib, ötən il Azərbaycan Respublikası mədəniyyəti günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyəti günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.
   
   * * *
   Həmin gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni ilə görüşdü. Son illər Azərbaycanla İran arasında mədəniyyət sahəsində əlaqələrin genişləndiyini diqqətə çatdıran Əbülfəs Qarayev qarşılıqlı səfərlərin, tədbirlərin bu xüsusda böyük əhəmiyyətə malik olduğunu dedi. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə təsadüf edən İran mədəniyyəti günlərini ikitərəfli münasibətlərdə əlamətdar hadisə adlandırdı: “Ötən il İranda Azərbaycan mədəniyyəti günləri keçirildi, mədəniyyət və incəsənətimizin müxtəlif nümunələrini təqdim etdik. Biz qarşılıqlı mədəni tədbirlərin təşkilində maraqlıyıq. Bu, iki qonşu ölkə üçün vacib addımdır”.
   Qeyd olundu ki, İran mədəniyyəti günləri Bakıda və Gəncədə keçiriləcək, həmçinin Kürdəmir və Hacıqabul rayonlarındakı ziyarətgahların açılışında İran nümayəndə heyəti iştirak edəcək.
   İki ölkənin milli adət-ənənələrinin oxşar olduğunu xatırladan nazir son illər xüsusilə kino sahəsindəki əməkdaşlığın ürəkaçan olduğunu bildirdi: «Bütün bunlar Azərbaycanla İran arasında mədəni əlaqələrin necə yaxın olduğunu sübut edir».
   İranla Azərbaycan arasında həm mədəniyyət, həm də turizm sahəsində əməkdaşlıq sazişlərinin imzalandığını xatırladan nazir dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramının iki ölkənin ortaq mədəni dəyərləri olduğunu diqqətə çatdırdı: «Tarixən qonşu ölkələr olan İranla Azərbaycanın paylaşdığı bir sıra dəyərlər var. Bizim mədəni əməkdaşlığımız inkişaf edir və gələcəkdə bu əlaqələri daha da genişləndirəcəyik”.
   İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni isə öz çıxışında Azərbaycanda mədəniyyətin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilməsindən məmnunluq duyduğunu dedi, ikitərəfli əlaqələrin genişləndiyini bildirdi: “Azərbaycanla İran arasında mədəni əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Belə mədəni tədbirlərin keçirilməsi İran və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına xidmət edir. Sevindirici haldır ki, dövlətlərin siyasəti də mədəni əlaqələrin inkişafına yönəlib. Biz inanırıq ki, bu sahədə imzalanan sazişlər də öz həllini tapacaq”.
   Seyid Məhəmməd Hüseyni Bakıdan sonra Gəncəyə yola düşəcəklərini, mədəniyyət həftəsi çərçivəsində orada da tədbirlər keçiriləcəyini dedi: « Mədəniyyət günləri çərçivəsində bir neçə filmimiz göstəriləcək, teatr tamaşaları nümayiş olunacaq. Poeziya və ədəbiyyatla bağlı proqramlar da nəzərdə tutmuşuq. Bizlər Nizamini necə seviriksə, sizlər də Şəhriyarı elə sevirsiniz. Belə dünya səviyyəli insanlar bizim əlaqələrin inkişafına təkan verir. Çox istərdik ki, İranda keçirilən beynəlxalq film festivalında Azərbaycan da iştirak etsin”.
   Əbülfəs Qarayev isə mədəniyyətin insanları birləşdirdiyini və insanlara müsbət təsir etdiyini bildirdi: «XII əsrdə yaşamış Nizami Gəncəvi və XX əsrin nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar xalqlarımız arasında böyük körpülər qurub. Bizim də vəzifəmiz bu prosesləri davam etdirməklə mədəniyyət günləri formatlı tədbirlərin iki ölkə arasında ənənə halını almasına çalışmaqdır».
   
   * * *
   Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn oktyabrın 4-də Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
   Seyid Məhəmməd Hüseyni jurnalistlərə açıqlamasında bildirib ki, İran ilə Azərbaycanın sıx tarixi, mədəni əlaqələri böyük bir dövrü əhatə edir. İki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkili təqdir olunmalıdır. Belə tədbirlərdə iki ölkənin mədəniyyət xadimləri, incəsənət adamları bir-birlərini daha yaxından tanıyırlar.
   Qeyd edək ki, İran mədəniyyəti günləri çərçivəsində bu gün Bakıda başa çatacaq tədbirlər oktyabrın 6-7-də Gəncədə davam edəcək.