Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsi yad edildi
   
   Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoymuş Xalq yazıçısı, dramaturq, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin (1914-1996) vəfatından 15 il ötür. Oktyabrın 3-də, böyük ədibin vəfatının 15-ci ildönümündə tanınmış mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək İlyas Əfəndiyevin xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşlər.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından danışdı. Qeyd olundu ki, görkəmli nasir və dramaturq, müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülmüş ilk yazıçı İlyas Əfəndiyev ömrünün 60 ilini yazıb-yaratmağa həsr edib. Ədibin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı” kimi nəsr əsərləri, Azərbaycan dramaturgiyasında, teatr tarixində xüsusi mərhələ təşkil edən pyeslərinin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hislərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunublar. Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. Akademik Milli Dram Teatrı hər il yeni mövsümü dramaturqun “Hökmdar və qızı” əsəri əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açır.
   Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, professorlar Məryəm Əlizadə, Nizaməddin Şəmsizadə, Xalq artisti Amaliya Pənahova görkəmli nasir və dramaturqun şəxsiyyəti və yaradıcılığı barədə söz açaraq onunla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, İlyas Əfəndiyevin əsərləri mövzularının aktuallığına görə həmişə zamanın fövqündə dayanıb, pyesləri bu gün də müxtəlif teatr səhnələrində uğurla tamaşaya qoyulur. Milli dramaturgiyamızda lirik-psixoloji janrın əsasını qoyan ədibin Azərbaycan teatrının inkişafına müstəsna töhfələr verdiyi vurğulandı. Aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi “İlyas Əfəndiyev teatrı”nı bərqərar edən sənətkar mədəniyyət tariximizdə şərəfli yer tutur.
   Sonda çıxış edən ədibin oğlu, Xalq yazıçısı Elçin anım mərasiminə gələnlərə təşəkkür edərək İlyas Əfəndiyevin xatirəsinə Azərbaycan dövləti, xalqı tərəfindən hər zaman hörmət və ehtiram göstərildiyini bildirdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ədibin xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Ulu öndərin sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, prezident İlham Əliyevin sərəncamı ilə üçcildliyi nəşr edilib, ədibin əsərləri xarici dillərdə dəfələrlə çap olunub, yaradıcılığı haqqında elmi işlər yazılıb: “İlyas Əfəndiyev əsərlərinin əksəriyyətini sovet dövründə yazıb. O dövrün öz ideologiyası var idi. Lakin İlyas Əfəndiyev əsərləri bu gün də aktualdır, demək o, ideologiyaya deyil, ədəbiyyata xidmət edən sənətkar olub”.
   
   Reyhan